REGİONLAR
Buraxılış imtahanı işğaldan azad olunan ərazilərdə ümumilikdə 4 binada təşkil edilib
Füzuli, 10 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Martın 10-da Dövlət İmtahan Mərkəzi (DİM) işğaldan azad olunan ərazilərdə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
Dövlət İmtahan Mərkəzinin Bərdə regional bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, buraxılış imtahanı Füzuli rayonu Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Laçın rayonu 2 nömrəli tam orta məktəb, Laçın rayonu Zabux kənd tam orta məktəbi və Zəngilan rayonu Ağalı kənd tam orta məktəblərində təşkil edilib. İmtahanın idarə olunmasına 4 ümumi rəhbər, 4 imtahan rəhbəri, 4 nəzarətçi-müəllim, 4 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub. İşğaldan azad olunan ərazilərdə ümumilikdə 4 binada keçirilən imtahanlarda 18 şagird iştirak edib. İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, imtahanın keçirildiyi binalarla müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Martın 11-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalı aparılacaq.