BVF Avropa ölkələrini genişmiqyaslı dövlət subsidiyalarından çəkinməyə çağırıb
Berlin, 17 aprel, AZƏRTAC
Beynəlxalq Valyuta Fondu (BVF) Avropa ölkələrini enerji qiymətlərinin kəskin artımına cavab olaraq genişmiqyaslı dövlət subsidiyalarından çəkinməyə çağırıb.
AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, fondun Avropa departamentinin direktoru Alfred Kammer bu cür tədbirlərin enerji istehlakını azaltmağa yönəlmiş qiymət siqnallarını zəiflətdiyini və bazar mexanizmlərini təhrif etdiyini bildirib. Onun sözlərinə görə, dövlət müdaxiləsi zəruri olduqda daha çox aztəminatlı əhali qruplarına yönəldilməlidir.
BVF rəsmisi qeyd edib ki, geniş subsidiyalar dövlət büdcəsinə ciddi yük yarada və daha çox enerji istehlak edən yüksəkgəlirli təbəqəyə üstünlük verə bilər: “Bu baxımdan ünvanlı birdəfəlik ödənişlər daha effektiv və azxərcli alternativ hesab olunur. Bəzi ölkələrdə əvvəlki böhrandan qalan “müvəqqəti” tədbirlər hələ də qüvvədədir ki, bu da artıq həddindən artıq uzun müddət deməkdir. Büdcə intizamı xüsusi əhəmiyyət kəsb edir, çünki Avropa ölkələri müdafiə, pensiya və səhiyyə sahələrində ciddi xərclər təzyiqi ilə üzləşir”.
A.Kammer etiraf edib ki, seçicilərin siyasətçilər üzərində təzyiqi olduqca yüksəkdir. Avropalılar 2020-ci ildəki pandemiyadan və 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsinin yaratdığı enerji şokundan sonra hər bir böhran zamanı dövlət dəstəyi almağa öyrəşiblər.
Qeyd edək ki, Avropa Komissiyası üzv dövlətlərə yanacaq və gübrə xərcləri ilə bağlı şirkətlərə dəstək göstərmək üçün daha çox dövlət vəsaiti ayırmağa icazə verməyi planlaşdırır. Avropanın neft və qaz idxalından yüksək asılılığı regionu qiymət dalğalanmalarına qarşı həssas edib. Son böhranın əsas səbəbi İranla bağlı müharibə və bunun nəticəsində Hörmüz boğazının bağlanmasıdır.