İDMAN
Cahangir Həsənzadə: Şahruddinin Türkiyə klubunda yaxşı oyun göstərəcəyinə inanıram
Bakı, 7 sentyabr, AZƏRTAC
Şahruddinin transferi düşünülmüş qərar idi. Onun gedişinin komandaya mənfi və ya müsbət təsir göstərəcəyini indidən demək çətin məsələdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq qapıçısı Cahangir Həsənzadə “Qarabağ”ın qolkiperi Şahruddin Məhəmmədəliyevin Türkiyənin “Adana Demirspor” klubuna mümkün keçidi ilə bağlı danışarkən deyib.
Hazırda AFFA-nın texniki direktoru vəzifəsində çalışan veteran oyunçu bildirib ki, hər bir futbolçu kimi yığmamızın üzvü də yeni komandasında adaptasiya problemi yaşaya bilər: “Komanda daxilində öz yerini tapmaq peşəkar futbolçular üçün heç də asan deyil. Ancaq bəzən bu, tam əksinə də ola bilir. Şahruddinin yeni klubunda necə çıxış edəcəyini zaman göstərəcək”.
C. Həsənzadə 29 yaşlı qapıçının Türkiyə klubunda kifayət qədər yaxşı oyun nümayiş etdirəcəyinə inandığını vurğulayıb: “Səviyyə fərqini ortaya qoya bilsə, komandada möhkəmlənməyi bacaracaq. Türkiyə Super Liqası olduqca gərgin və rəqabətli çempionatdır. Əgər Superliqa klubu Şahruddinə təklif göndəribsə, deməli, onun keyfiyyətli qapıçı olduğunu bilir və oyunçu kimi səviyyəsindən xəbərdardır”.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyevin “Adana Demirspor”la 2+1 illik müqavilə imzalayacağı gözlənilir.