Cavad Cahangirzadə: İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmində artım müşahidə edilir
Tehran, 4 mart AZƏRTAC
Ötən il İrandan Azərbaycana ixracın həcminin 73 faiz artdığı müşahidə edilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə İranın Biləsuvar şəhərində Azərbaycan ilə ikinci sərhəd-keçid məntəqəsinin açılışında deyib.
Səfir bəyan edib ki, hər il İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmində artım müşahidə edilir. Bu da ticarət əlaqələrinin inkişafının göstəricisidir.
Diplomat diqqətə çatdırıb ki, hər iki ölkənin iqtisadi potensialı ticarət dövriyyəsinin həcmini 5 milyard dollar həcminə çatdırmağa imkan verir. Yeni sərhəd-keçid məntəqəsinin açılması ticarət əlaqələrinin daha da inkişafına və dövriyyənin yüksəlməsinə təkan verəcək. Yeni keçid məntəqəsi hər iki dövlətin sərhədyanı regionlarında əhalinin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edəcək.
Səfir qeyd edib ki, 2018-ci il ərzində İran ilə Azərbaycan arasındakı 4 sərhəd-keçid məntəqəsi sutkada 24 saat fəaliyyət göstərib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran