Cavid Hüseynov: İndiki mərhələdə futbolçuların hazırlıq səviyyəsindən tam razı qala bilmərik
Bakı, 21 iyul, AZƏRTAC
Yeni mövsümün hazırlığını davam etdirən “Araz-Naxçıvan” ilk hazırlıq mərhələsini başa vurub.
AZƏRTAC xəbər verir ki, komandanın baş məşqçisi Cavid Hüseynov klubun mətbuat xidmətinə açıqlamasında hazırlıq prosesi, yoxlama oyunu, transferlər və komandanın hədəfləri barədə danışıb.
Baş məşqçi bildirib ki, hazırlıq prosesi üç mərhələdən ibarətdir və ilk mərhələdə əsas diqqət fiziki hazırlığa yönəldilib: “Əvvəlcədən də qeyd etmişdik ki, hazırlıq prosesi üç mərhələdən ibarət olacaq. Bu mərhələdə daha çox fiziki hazırlıq üzərində çalışdıq. Planımıza uyğun olaraq əvəzedici komanda ilə yoxlama oyunu keçirdik. Məqsədimiz məşqlərdə işlədiyimiz bəzi taktiki tapşırıqların oyunda necə icra olunduğunu görmək idi. Belə qarşılaşmalarda nəticə önəmli deyil. Ümumilikdə, hər şey planlaşdırdığımız kimi keçdi”.
C.Hüseynov futbolçuların hələ tam hazır olmadıqlarını, lakin taktiki tapşırıqların icrası baxımından müəyyən müsbət məqamlar gördüklərini vurğulayıb: “Hazırlıq yeni başlayıb və indiki mərhələdə futbolçuların hazırlıq səviyyəsindən tam razı qala bilmərik. Onların bütün tapşırıqları ideal şəkildə yerinə yetirməsini gözləmirdik. Həftə ərzində məşqlərdə üzərində işlədiyimiz taktiki elementləri praktikada yoxlamağa çalışdıq. Oyunu analiz edəcək, səhvləri futbolçulara göstərəcəyik ki, növbəti matçlarda onları təkrarlamasınlar”.
Baş məşqçi transfer çalışmalarının böyük ölçüdə yekunlaşdığını da diqqətə çatdırıb: “Transfer çalışmalarının təxminən 90 faizini tamamlamışıq. Bəzi mövqelər var ki, onları daha da gücləndirmək istəyirik. Yaxın günlərdə heyət tam komplektləşəcək”.
Premyer Liqanın ilk turundakı rəqib “İmişli” ilə yoxlama oyunu keçirmələrinin problem yaratmadığını deyən C.Hüseynov bunun hər iki tərəfin razılığı ilə baş tutacağını bildirib: “Püşkdən sonra rəqiblə yenidən danışdıq və onlar da oyunun keçirilməsində problem görmədilər. Bu görüşdə də futbolçuları iki 45 dəqiqə ərzində yoxlamağa çalışacağıq. Müəyyən taktiki tapşırıqlar üzərində işləyəcəyik. Belə oyunlarda əsas məqsəd nəticə yox, meydanda görülən işdir”.
Sonda komandanın qarşıdakı mövsüm üçün əsas hədəfindən danışan baş məşqçi bildirib: “Əsas məqsədimiz yaxşı komanda formalaşdırmaq və mümkün qədər yüksək pillələr uğrunda mübarizə aparmaqdır”.