Cəbhə bölgəsində növbəti təlim keçirilib
Bakı, 30 yanvar, AZƏRTAC
Ağdam rayonunun Qaradağlı kəndində “Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclə Fondunun maliyyə dəstəyi ilə “Azərbaycanın işğal altında olan ərazilərində tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliği” mövzusunda növbəti təlim keçirib.
İctimai birlikdən AZƏRTAC-a bildirilib ki, tədbiri Ağdam Rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Anar Əsgərov açaraq tədbirin mahiyyəti haqqında iştirakçılara geniş məlumat verib. Deyib ki, Ermənilər işğal etdikləri ərazilərdə Azərbaycanın tarixini məqsədli şəkildə məhv edir, yer adlarını və toponimləri dəyişdirirlər. “Biz tarixi abidələrimizə sahib çıxmalıyıq və onların mühafizə edilməsi istiqamətində beynəlxalq qurumlar qarşısında məsələ qaldırmalıyıq. Ermənilərin tarixi abidələrimizə qarşı etdikləri vandalizm hərəkətlərini bütün dünyaya çatdırmalıyıq”, - deyə A.Əsgərov bildirib.
Çıxış edən digər natiqlərdə ermənilərin tarix və mədəniyyət abidələrimizə qarşı törətdikləri vandalizm hərəkətlərini pisləməklə yanaşı, qeyd etdilər ki, bu gün Azərbaycanın güclü ordusu var. Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə qədim yurd yerlərini düşmənlərdən azad edəcək və tarixi abidələrimizə sahib çıxacaq.
Sonda təlimçi mövzu ətrafında gənclərə ətraflı məlumat verib.
Qeyd edilib ki, növbəti təlimlər Füzuli rayonunda təşkil ediləcək.