Cəlal Qasımov: Azərbaycan istedadlı insanlarla zəngindir
Bakı, 30 sentyabr, AZƏRTAC
Sürətlə dəyişən dünyada uğur o zaman mümkündür ki, sahibkarlar təkcə həll yolları təklif etmir, həm də fundamental suallar verirlər.
AZƏRTAC xəbər verir ki, bunu “PAŞA Holdinq”in baş direktoru Cəlal Qasımov Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində çıxışı zamanı deyib.
O qeyd edib ki, bəzən tənzimləyicilərin qanunvericiliyi dəyişdirdiyini, yaxud dövlət qurumlarının müəyyən addımlar ataraq nəyisə dəyişmək istədiyini görürük.
“İnsanlar uğur qazandıqdan və ya bir dəfə nəticə əldə etdikdən sonra bəzən hər şeyi bildiklərinə və ya hazırcavab olduqlarına inanmağa başlayırlar. Bu, bizim intuisiyamız və ya keçmiş təcrübəmiz və s. əsasında ola bilər. Amma həyat çox tez dəyişir. Azərbaycan istedadlı insanlarla zəngindir. Əgər istedad real fəaliyyətə çevrilməsə, o heç vaxt başqalarının istifadə edib pul qazana biləcəyi maddi məhsul və ya xidmət yarada bilməz. Buna görə də, biznesdə təkcə istedadın və ya potensialın olması vacib deyil, həm də bu istedadın və ya potensialın nə dərəcədə reallaşdırıla və istifadə oluna biləcəyi, əlbəttə ki, rəhbərlərdən və mühitlərdən asılıdır. Axı, bizim hamımızın potensialı var. Amma bunu reallaşdırmaq üçün hərəkətə keçmək lazımdır: risk etmək, yeni şeylər sınamaq lazımdır”, - deyə C.Qasımov bildirib.