Cəlilabad rayonunda arvadını öldürməkdə təqsirli bilinən şəxs tutularaq istintaqa cəlb olunub
Bakı, 29 avqust, AZƏRTAC
Cəlilabad rayonunun Uzuntəpə kənd sakini Elnur Əliyevin yaşadıqları evdə arvadı Natavan Nəsirovaya iyulun 26-da bıçaqla xəsarət yetirməsi faktı ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Cəlilabad Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, cinayət işinin materiallarının rayon prokurorluğu tərəfindən öyrənilməsi zamanı Elnur Əliyevin arvadı Natavan Nəsirovanı qəsdən adam öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşdirildiyindən cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 128-ci maddəsindən 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilərək rayon prokurorluğunun icraatına götürülüb.
Elnur Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilib. Ona həmin maddə ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.