Cəlilabadlı qadınlar əsl bayram sevinci yaşayıblar
Cəlilabad, 8 mart, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad şəhərində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş ümumrayon tədbirində qadınlar əsl bayram sevinci yaşayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram şənliyində çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov rayonun qadınlarını əlamətdar gün münasibətilə təbrik edərək, onlara xoş arzularını çatdırıb. Ulu öndər Heydər Əliyevin Azərbaycan qadınının fəaliyyətinə yüksək dəyər verdiyini, qadınlara hər zaman böyük hörmət və ehtiramla yanaşdığını vurğulayan N.Zeynalov qadınların ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynadıqlarını diqqətə çatdırıb. Qeyd olunub ki, bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə müasir Azərbaycan qadınını dünyada uğurla təbliğ edir. Azərbaycan qadınlarının ölkəmizi beynəlxalq müstəvidə də layiqincə təmsil etdiyini deyən natiq bildirib ki, bu gün qadınlarımız dövlət qurumlarında da yüksək fəallıq göstərirlər.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınların bir qrupuna fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.
Bayram süfrəsi arxasında davam edən tədbirdə rayonun incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.