Cənubi Afrika Respublikasının Prezidenti Ukraynadakı münaqişəni tezliklə dayandırmağa çağırıb
Bakı, 16 iyun, AZƏRTAC
Ukraynada münaqişənin həlli istiqamətində addımlar atılmalıdır ki, tərəflər tezliklə danışıqlar yolu ilə sülhə nail ola bilsinlər.
AZƏRTAC xəbər verir ki, bunu cümə günü Kiyevdə Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafoza Afrika ölkələrinin sülhməramlı missiyası ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında aparılan danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
“Münaqişə sülh danışıqları və diplomatiya yolu ilə əldə edilə bilər. Afrikanın sülhməramlı missiyası hesab edir ki, Ukraynadakı silahlı münaqişə mümkün qədər tez başa çatmalıdır. Afrika ölkələri Ukraynada sülh yolu ilə nizamlanmanın yolunu tapmaq üçün əməkdaşlığı davam etdirməyə hazırdır”, - o qeyd edib.
Siril Ramafoza bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə gözlənilən danışıqlar zamanı Afrika sülhməramlı missiyası BMT Nizamnaməsinə hörmət edilməsinin zəruriliyindən danışacaq. “Biz həmçinin hesab edirik ki, bütün ölkələrə təhlükəsizlik zəmanəti verilməlidir”, - o vurğulayıb.
Cənubi Afrika Respublikasının Prezidenti əlavə edib ki, dünya bazarlarında taxıl və gübrələrin fasiləsiz tədarükü təmin edilməlidir: “Taxıl və gübrələrin bazarlara çıxması üçün logistikanı təmin etmək lazımdır”.
Qeyd edək ki, mayın 16-da Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Afrikanın “sülh planı”nı elan edib. “Sülh planı”nı Seneqal, Uqanda, Misir, Konqo, Komor adaları və Zambiya liderləri də dəstəkləyir.