Cənubi Koreyada COVID-19 virusuna yoluxmada 3 gündür antirekord qeydə alınır
Pekin, 10 iyul, AZƏRTAC
Hazırda pandemiyanın 4-cü və daha ağır dalğasının müşahidə olunduğu Cənubi Koreyada ardıcıl 3 gündür ki, sutkalıq yoluxma sayında antirekord qeydə alınır.
AZƏRTAC Cənubi Koreyanın xəstəliklərə nəzarət və profilaktika mərkəzinin məlumatına istinadla xəbər verir ki, ötən gün ölkədə 1378 nəfərin virusa yoluxduğu aşkarlanıb. İyulun 7-də 1275, iyulun 8-də isə 1316 nəfər yoluxmuşdu.
Hökumət yaranmış vəziyyətdən çıxış yolu kimi karantin rejiminin sərtləşdirilməsi barədə qərar qəbul edib. İyulun 12-dən paytaxt Seul və ətraf ərazilərdə, Qyonqci vilayətində və İnçon şəhərində 2 həftəlik ən yüksək səviyyədə karantin rejimi tətbiq olunacaq. Bu rejimdə tədris ocaqlarında dərslər dayandırılacaq, 3 nəfərdən çox insanın toplaşması, əyləncə mərkəzlərinin fəaliyyəti, idman oyunlarının təşkili qadağan ediləcək, kafe və restoranlar isə saat 22:00-dək çalışa biləcək. Bundan başqa, nikah və dəfn mərasimlərində yalnız yaxın qohumların iştirakına icazə veriləcək.
Cənubi Koreya hökuməti ölkədə yeni növ koronavirusun daha təhlükəli ştamı olan “delta”nın yayılmasından narahatdır. Səlahiyyətli qurumlar iyulun sonunadək sutkalıq yoluxma sayının təxminən 2 dəfə artacağını proqnozlaşdırıb. Xəstəliklərə nəzarət və profilaktika mərkəzinin mütəxəssisləri güman edir ki, əgər əhali epidemiya əleyhinə qaydalara əməl edərsə və vaksinasiya prosesinin tempi yüksələrsə, sentyabrda sutkalıq yoluxma sayı 260-415 arasında ola bilər.
Qeyd edək ki, Cənubi Koreyada COVID-19 virusu əleyhinə vaksinasiya prosesi də davam edir. Hökumət noyabr ayınadək əhalinin 70 faizdən çoxunu peyvəndləməyi və bununla kütləvi immunitetin yaranmasını hədəfləyib. İndiyədək 52 milyonluq əhalinin 30,3 faizi peyvəndin birinci dozasını, 11,3 faizi isə ikinci dozasını qəbul edib. Vaksinasiyada ikidozalı “AstraZeneca”, “Pfizer” və “Moderna”, habelə birdozalı “Janssen” peyvəndlərindən istifadə olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin