Cevdet Yılmaz: Müdafiə sənayesi müstəqil xarici siyasət baxımından kritikdir
İstanbul, 6 may, AZƏRTAC
Türkiyə əvvəllər müdafiə sənayesi məhsullarının 80 faizdən çoxunu xaricdən alıb. İndi isə bu nisbət dəyişib. Türkiyə müdafiə sənayesi məhsullarının 80 faizini istehsal edən bir ölkədir.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz İstanbulda keçirilən “SAHA 2026” Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisini ziyarət edərkən mətbuata açıqlamasında bildirib.
O deyib: “Türkiyənin hazırda 20 milyard dollardan artıq dövriyyəsi olan, keçən il 10,5 milyard dollar ixrac həyata keçirmiş bir sektorundan danışırıq. Dünyanın 11-ci ən böyük ixracatçısı mövqeyindəyik. Qısa müddətdə ilk onluğa daxil olacağımıza ümid edirik. Hər keçən il ixracımız artır. Müdafiə sənayesi çox önəmlidir, amma bu, müstəqil xarici siyasət baxımından daha kritikdir”.
Qeyd edək ki, Türkiyənin Milli Müdafiə Nazirliyinin AR-GE bölməsi tərəfindən hazırlanan və ölkənin indiyədək istehsal etdiyi ən böyük və uzunmənzilli raket kimi təqdim olunan “YILDIRIMHAN” qitələrarası hipersəs ballistik raketi ilk dəfə “SAHA Expo 2026” sərgisində nümayiş etdirilib. Üzərində Osmanlı sultanı Yıldırım Bəyazidin tuğrası və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün imzasının yer aldığı raketin sınağına başlanması planlaşdırılır.