Cevdet Yılmaz: Qlobal qeyri-sabitlik fonunda Türkiyənin makroiqtisadi mövqeyi möhkəmlənir
Ankara, 13 fevral, AZƏRTAC
Xarici ticarət kəsiri məqbul səviyyədə olan və kredit reytinqi yüksələn bir ölkə olan Türkiyənin makroiqtisadi mövqeyi möhkəmlənir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Mərkəzi Bankın son xarici ticarət məlumatlarını şərh edərkən bildirib.
Siyasətçinin sözlərinə görə, Mərkəzi Bankın milli iqtisadiyyatla bağlı məlumatları Türkiyə hökumətinin Ortamüddətli İqtisadi Proqramında əks olunan proqnozlar və hədəflərlə tam uyğun gəlir.
“Qlobal qeyri-sabitliyə baxmayaraq, Türkiyənin ixracatı artmaqda davam edir və ticarət kəsirinin ÜDM-ə nisbəti məqbul 1,5 faiz səviyyəsində qalır”, - deyə C. Yılmaz bildirib. O, ölkənin ümumi mal və xidmət ixracının 2025-ci ilin sonuna qədər rekord həddə - 396 milyard dollara çatdığını və cari ilin sonuna qədər 410 milyard dollar təşkil edəcəyinin proqnozlaşdırıldığını deyib.
Siyasətçi turizm məlumatlarını da əhatə edən xidmət ixracındakı müsbət tendensiyanı yüksək qiymətləndirib. Türkiyənin vitse-prezidenti bildirib: “İlin sonuna qədər Türkiyənin xidmət ixracından əldə edilən gəlirlər 122,6 milyard dollar təşkil edib ki, bu da xidmət sektorunun rəqabət qabiliyyətini və əhəmiyyətli potensialını nümayiş etdirir”.
O, ötən il Türkiyə iqtisadiyyatına birbaşa xarici investisiyaların 2024-cü il göstəricilərini 12,2 faiz üstələyərək 13,1 milyard dollara çatdığına diqqət çəkib.
Cevdet Yılmaz davam edən struktur islahatları fonunda Türkiyənin iqtisadi artım tempinin davam edəcəyinə əminliyini ifadə edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara