Çin COVID-19 virusunun mənşəyinin tapılması üçün əməkdaşlığı davam etdirəcək
Pekin, 18 dekabr, AZƏRTAC
Çin yeni növ koronavirusun (COVID-19) mənşəyinin tapılması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlığı gücləndirməyə davam edəcək.
AZƏRTAC xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi Van Venbin gündəlik mətbuat konfransında ÜST-nin təftiş qrupunun yanvarda Çinə gözlənilən səfəri barədə sualı cavablandırarkən deyib. O, virus ortaya çıxandan bəri ölkəsinin COVID-19 infeksiyasının mənşəyinin tapılması üçün ÜST ilə əməkdaşlığa başladığını bildirib.
"ÜST-nin missiyası 2 dəfə Çinə səfər edib. Çinli mütəxəssislər ÜST və beynəlxalq ekspertlər qrupu ilə virusun mənşəyinin tapılmasına və virusa qarşı mübarizə üzrə təcrübə mübadiləsinə dair bir neçə dəfə virtual iclas keçiriblər",- deyən Çin rəsmisi əlavə edib ki, tərəflər bu istiqamətdə fəaliyyətini davam etdirirlər.
Van Venbin COVID-19 infeksiyasının mənşəyinin tapılmasının davamlı proses olduğunu və bir çox ölkənin bu işə cəlb olunmasının mümkünlüyünü vurğulayıb.
Qeyd edək ki, ÜST-nin virusun mənşəyinin axtarışı üçün Çinə missiya göndərəcəyi barədə bir neçə gün əvvəl xəbər yayılmışdı. Dekabrın 18-də isə ÜST-nin rəsmisi Babatunde Olovokure beynəlxalq qrupun səfərinin detallarına dair Çin tərəfi ilə danışıqlar aparıldığını deyib. ÜST COVID-19 virusu ortaya çıxandan sonra fevralda və iyulda Çinə mütəxəssislər qrupu göndərib. Bu virusun ilk olaraq Çinin Uxan şəhərindəki dəniz məhsulları bazarından yayıldığı bilinsə də, sonradan çinli mütəxəssislər virusun xaricdən Çinə gəlmiş ola biləcəyini açıqlayıblar.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin