“Çin dili körpüsü” XII beynəlxalq müsabiqəsinin seçim turu keçirilib
Bakı, 27 may, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) “Çin dili körpüsü” XII beynəlxalq müsabiqəsinin seçim turu olub.
ADU-dan AZƏRTAC-a bildirilib ki, müsabiqə “Çin dilini öyrən və öz gələcəyini qur” devizi altında məktəblilər arasında keçirilib.
Seçim turu Çinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə bu ölkənin Çin dilinin təbliği üzrə Dövlət Dəftərxanası - Konfutsi institutlarının qərargahı və Konfutsi İnstitutu tərəfindən təşkil edilib.
Müsabiqəyə müxtəlif orta məktəblərin şagirdləri, eləcə də Konfutsi İnstitutundakı Çin dili kurslarının tələbələri qatılıblar. Çinin Azərbaycandakı səfirliyinin siyasi şöbəsinin müdiri Cen Xaynin bildirib ki, müsabiqənin məqsədi Azərbaycan məktəblilərinin Çin dili və mədəniyyətinə dair biliklərini nümayiş etdirməkdir.
ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb və müsabiqə iştirakçılarına Çin dilinin öyrənilməsində müvəffəqiyyətlər arzu edib.
Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan gənclərinin Çin dili və mədəniyyətinə marağının, Çinin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı gənclərin sayının artdığını qeyd edib. O, Prezident İlham Əliyevin Çinə səfəri zamanı imzalanmış “Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in əhəmiyyətini vurğulayıb.
Azərbaycan Respublikası üzrə seçim turu bir neçə mərhələdə keçirilib. İştirakçılar verilmiş mövzu üzrə Çin dilində çıxış edib, bu ölkənin mədəniyyəti haqqında sualları cavablandırıb və bədii nömrələr nümayiş etdiriblər.
Məktəblilərin çıxışları Çinin Azərbaycandakı səfirliyinin nümayəndələrinin daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib. Müsabiqənin nəticələrinə görə, qaliblər Çin dili üzrə beynəlxalq müsabiqənin finalında iştirak edəcək və növbəti mərhələlərdə Çində təhsil alacaqlar. Qiymətləndirilmə zamanı ADU nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun şagirdi Xədicə Həsənova II yerə layiq görülüb.