Çinin dövlət qurumları və ictimaiyyəti cəbhə xəttindəki gərginlik barədə məlumatlandırılıb
Pekin, 8 aprel, AZƏRTAC
Azərbaycan səfirliyi Çinin dövlət qurumlarını və ictimaiyyətini, habelə mənzil-qərargahı Çində yerləşən beynəlxalq təşkilatları, Pekindəki diplomatik korpusu Ermənistan silahlı birləşmələrinin son günlər təmas xəttindəki təxribatı nəticəsində yaranmış gərginlik barədə məlumatlandırıb. Azərbaycan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı bəyanatı, Respublika Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin birgə məlumatı Çin Xarici İşlər Nazirliyinə, Çinin Beynəlxalq Münasibətlər Akademiyasına, Dövlət Şurası yanında Avropa və Asiyanın Sosial İnkişafı İnstitutuna, Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutuna, Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinə təqdim edilib, habelə Pekindəki diplomatik missiyalara göndərilib.
Bundan başqa, səfir Lətif Qəndilovun Çin XİN-in Avropa və Mərkəzi Asiya departamentinin direktoru Quy Çunyu ilə görüşündə Çinin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi son günlər cəbhədə baş verən erməni təxribatı barədə məlumatlandırılmasının vacibliyini vurğulayıb. Diqqətə çatdırıb ki, son günlər atəşkəs ermənilər tərəfindən kobud şəkildə pozulub və Ermənistanın təxribatlarının dayandırılması üçün Azərbaycan Silahlı Qüvvələri cavab tədbirləri görmək məcburiyyətində qalıb.
ATƏT-in Minsk qrupu formatında münaqişənin həlli istiqamətində aparılan danışıqların heç bir nəticə vermədiyini bildirən diplomat əlavə edib ki, Ermənistan işğal altındakı ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti apararaq, Yaxın Şərqdən, Suriyadan erməni mənşəli şəxsləri Dağlıq Qarabağda yerləşdirməklə demoqrafik vəziyyəti dəyişməyə çalışır.
Çin XİN-in idarə rəisi Quy Çunyu məsələni diqqətlə izlədiklərini, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, münaqişənin dialoq yolu ilə ədalətli həllinə ümid etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, Çinin məsələ ilə bağlı prinsipial mövqeyi Çin Xalq Respublikası Sədrinin həm Azərbaycan, həm də Ermənistan prezidentləri ilə imzaladığı Birgə Bəyannamədə öz əksini tapıb.
Quy Çunyu Çinin Azərbaycan ilə yaxşı münasibət saxladığını və bunun üçüncü tərəfin təsiri altına düşə bilməyəcəyini bildirib.
Səfir L.Qəndilov Çin mətbuatında təmas xəttindəki gərginliklə bağlı yazılara, televiziya vasitəsilə verilən obyektiv materiallara görə təşəkkür edib.
Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimov ilə görüşdə də təmas xəttində yaranmış gərginliklə bağlı ətraflı məlumat verilib, son illər ermənilərin həyata keçirdiyi hərbi təxribatların intensiv və sistematik xarakter aldığı qeyd olunub.
Səfir L.Qəndilov Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində hərbi mövcudluğunu, hazırkı status-kvonu möhkəmlətməyə, demoqrafik vəziyyəti dəyişməyə çalışdığını bildirib. Əlavə edib ki, işğal edilmiş ərazilərdə Metsamor Atom Elektrik Stansiyasının tullantıları basdırılır, narkotik vasitələr yetişdirilir, terrorçu qrupların hazırlanması üçün mərkəzlər fəaliyyət göstərir. Ermənilər işğal altındakı ərazilərdə tarixi-mədəni abidələri dağıdır, nəzarət etdikləri Sərsəng su anbarından əkin-biçin üçün azərbaycanlı əhaliyə su vermir.
Səfir Ermənistana heç bir təzyiq edilmədiyinə görə mövcud status-kvonun 20 ildən çoxdur ki, davam etdiyini, problemin həll olunmadığını, danışıqların nəticə vermədiyini diqqətə çatdırıb.
ŞƏT-in baş katibi R.Alimov təşkilatın Milli Əlaqələndiricilər Şurasına məsələ ilə bağlı məlumat veriləcəyini söyləyib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin