CƏMİYYƏT
Çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlandı

Bakı, 4 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdədə fəaliyyət göstərən “Tural” çörək istehsalı müəssisəsində yoxlama keçirib.
AZƏRTAC xəbər verir ki, daxil olan vətəndaş müraciəti əsasında Bərdə rayonu, Bərdə-Tərtər yolunda yerləşən, fiziki şəxs Cabbarov Cəmil Cabbar oğluna məxsus “Tural” çörək istehsalı müəssisəsində Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin normativlərə cavab vermədiyi aşkarlanıb, həmçinin müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.