Ciovanni Kristofoli: Enerji mənbələrinin şaxələndirilməsi getdikcə daha kritik əhəmiyyət kəsb edir
Bakı, 6 iyul, AZƏRTAC
Enerji iqtisadi inkişafın, rifahın və ölkələr arasında sülhün əsas amillərindən biridir. Bu baxımdan enerji mənbələrinin şaxələndirilməsi getdikcə daha kritik əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofoli XX Bakı Yay Enerji Məktəbinin açılış mərasimindəki çıxışı zamanı deyib.
O vurğulayıb ki, enerji resurslarının işlənilməsi və inkişafı zaman keçdikcə daha mürəkkəb xarakter alır.
“bp, SOCAR və tərəfdaşları dünyanın nəhəng yataqları sırasında yer alan “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında hasilatı yüksək səmərəliliklə davam etdirir. Bu yataqlar uzun müddətdir istismar olunduğundan onların işlənilməsi daha mürəkkəb prosesə çevrilib. Bununla belə, tərəfdaşlar neft və qazın bazarlara çatdırılması baxımından sənayenin ən yaxşı təcrübələrindən istifadə edir”, - deyə o qeyd edib.
Ciovanni Kristofoli əlavə edib ki, enerji infrastrukturunun inkişafında dialoq həlledici rol oynayır: “Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənub Qaz Dəhlizi kimi iri layihələrin həyata keçirilməsi dövlətlər, hökumətlər, institutlar və icmalar arasında əməkdaşlıq olmadan mümkün olmazdı. Buna görə də gələcəyin enerji çağırışlarının həllində dialoq əsas şərtlərdən biridir”.