“Cırtdan” II Bakı Beynəlxalq kukla teatrları festivalı keçiriləcəkdir
Bakı, 6 noyabr (AZƏRTAC). Noyabrın 9-dan 16-dək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, UNİMA Beynəlxalq Kukla Teatrları Assosiasiyası və Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının birgə təşkilatçılığı ilə “Cırtdan” II Bakı Beynəlxalq kukla teatrları festivalı keçiriləcəkdir
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq keçirilən beynəlxalq festival bu ildən etibarən xalq nağıllarımızın qəhrəmanı Cırtdanın adını daşıyacaqdır.
Festivalın açılış mərasimi noyabrın 9-da saat 10:30-da Azərbaycan Dövlət Kukla Teatrında olacaqdır.
Festivalda 11 ölkədən kukla teatrları - Azərbaycandan A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı, Böyük Britaniyadan Dorset Kukla Teatrı Kompaniyası, Yaponiyadan “Yuki” Teatrı, İtaliyadan Teatro Verde Burattini, “Kapra Ballerina”, Bolqarıstandan Tarqovişte Kukla Teatrı, Xorvatiyadan “Zorin dom” Karlovaç Şəhər Teatrı, İsveçrədən “Le Ginyöl A Roulettes” Kukla Teatrı, Macarıstandan İvet Bojik Kompaniyası, Tatarıstandan “Ekiyat” Tatar Dövlət Teatrı iştirak edəcəkdir.
Festival çərçivəsində UNİMA-nın icra komitəsinin toplantısı keçiriləcəkdir. Toplantıda nüfuzlu beynəlxalq teatr təşkilatlarının rəhbərləri - UNİMA-nın prezidenti Dadi Dorab Pudumyee (Hindistan), həmin təşkilatın baş katibi Jaк Trudeu (Paris), Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının baş katibi Mişel Vais (Kanada), Beynəlxalq Teatr İnstitutunun Yaxın Şərq Ölkələri üzrə koordinatoru İbrahim Assiri (Səudiyyə Ərəbistanı), UNİMA-nın icra komitəsinin üzvləri Tamiko Naito (Yaponiya), Manuela Moran Martinez (ABŞ), Migel Angel Lorefais (Argentina), Karen Anne Smit (Avstraliya), Zang Fan (Çin), Nina Monova (Rusiya), Rafaele Fleuri (Fransa), Qreta Mariya Brugeman (Belçika) və başqaları iştirak edəcəklər.
Noyabrın 9-dа saat 9.30-da Azərbaycan Dövlət Kukla Teatrında media nümayəndələri üçün mətbuat konfransı təşkil olunacaqdır.