CON KENNEDİNİN ÖLDÜRÜLMƏSİ HAQQINDA YENİ SƏNƏDLİ FİLM ÇƏKİLMİŞDİR
“Ölümlə təkbətək” adlı film Kuba, Rusiya və Amerika mənbələrindən götürülən yeni materiallara əsaslanır. Onun çəkilişinə üç il vaxt getmişdir. Mənbələrdən biri, keçmiş Kuba agenti Oskar Marino demişdir ki, Havana ABŞ-ın Federal Təhqiqat Bürosu (FTB) tərəfindən həbs olunan, lakin məhkəmədən əvvəl öldürülən Li Harvi Osvalddan istifadə etmişdir.
Kennedinin öldürülməsi ilə əlaqədar bir çox sui-qəsd nəzəriyyələri mövcuddur. Bu nəzəriyyələrdən bəzilərinə görə əlbir, digərlərinə görə isə ayrı-ayrılıqda işləmiş kubalılar, ruslar və amerikalılar təqsirləndirilir. Marinonun sözlərinə görə, kubalılar Kennedini aradan götürmək istəyirdilər, çünki o, inqilabın əleyhinə idi və guya Fidel Kastronu öldürmək barədə göstəriş vermişdi. Marino filmin rejissoru Vilfrid Xusmana demişdir ki, ABŞ Prezidentinin öldürülməsinə dair əməliyyat olduğunu dəqiq bilirdi. Əməliyyatı Kubanın G2 məxfi xidmət orqanı işləyib hazırlamışdı. Lakin o, qətlin törədilməsi üçün Kastronun əmr verib-vermədiyi barədə suala cavabdan yayınmışdır.
1962-ci ildə Kuba kəşfiyyatı SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin işarəsi ilə Li Harvi Osvaldla əlaqəyə girmişdir. O vaxt Osvald üç il Sovet İttifaqında yaşadıqdan sonra Birləşmiş Ştatlara yenicə qayıtmışdı. Bunu Kuba və sovet mənbələri də təsdiqləyirlər. Marino demişdir: “Osvald nifrətdən dəli kimi idi. Ona görə də bu qətli törətmək fikrinə düşmüşdü. Biz də bundan istifadə etdik”.
Osvaldın Kuba kəşfiyyatı ilə əlaqəsinin mümkünlüyünü FTB Kennedinin qətlindən dərhal sonra nəzərdən keçirmişdir. Lakin Osvaldı Meksikada izləyən FTB agenti Lorens Kinanı təhqiqat başlandıqdan üç gün sonra geri çağırdılar, işin özünü isə bağladılar. Hazırda 81 yaşında olan Kinan hesab edir ki, bu, “FTB-nin o vaxtadək apardığı ən pis təhqiqat idi”. O, tarixi bir məqamın əldən verildiyini təəssüflə qeyd etmişdir.
Amerika siyasətinin veteranı Aleksandr Heyq filmin müəlliflərinə demişdir ki, prezident vəzifəsində Kennedini əvəz edən Lindon Conson inanırdı ki, qətlə görə təqsir Kubanın üzərinə düşür. Lakin o, ehtiyatlandı ki, bu ittihamın açıqlanması sağ baxışların güclənməsinə gətirib çıxara bilər və belə olan halda demokratlar Ağ evin üzünə uzun müddət həsrət qalarlar. O illərdə hərbi müşavir, sonralar isə dövlət katibi olan Heyqin sözlərinə görə, Conson demişdir: “Biz Amerika xalqına inanmağa imkan verməməliyik ki, prezidentimizi Fidel Kastro öldürdürə bilərdi”. Conson qəti əmin idi ki, “Kennedi Kuba liderinin əmri ilə öldürülmüşdü. Bu inamı o, özü ilə qəbrə apardı”.
Xatırladaq ki, 35-ci ABŞ Prezidenti Con Foster Kennedi 1963-cü il noyabrın 23-də onu müşayiət edən maşın karvanı Dallasın küçəsi ilə gedərkən öldürülmüşdür. ABŞ dəniz piyadasının sabiq snayperi, pəncərələri qətlin törədildiyi küçəyə çıxan anbarda işləyən Li Harvi Osvald tezliklə həbs edildi, lakin məhkəməyədək yaşamadı. Onu gecə klubunun sahibi Cek Rubi güllələmişdir. Osvaldın arvadı SSRİ-dən idi. Osvald özünü kommunist adlandırırdı və Kubanın, Fidel Kastronun qızğın pərəstişkarı idi.