COP-27 iqlim sammitində Biomüxtəliflik Günü qeyd edilib
Qahirə, 17 noyabr, AZƏRTAC
Misirin Şarm əl-Şeyx şəhərində keçirilən COP-27 iqlim sammitinin son panel müzakirələri iqlim dəyişikliyinin biomüxtəlifliyə təsirinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, Biomüxtəliflik Gününü şərh edən COP-27-nin prezidenti Sami Şükrü planetimizdəki biomüxtəlifliyin insanların iqtisadi, sosial və mədəni rifahının əsasını təşkil etdiyini, lakin iqlim dəyişikliyinin bu təbii sərvətin itirilməsi prosesini sürətləndirdiyini deyib. O əlavə edib ki, ekosistemlərin sürətlə məhv olması iqlim dəyişikliyinin təsirinə qarşı həssaslığı artırır. Bu kontekstdə COP-27 çərçivəsində yeni təşəbbüs irəli sürülüb. Belə ki, 45 milyon hektar ərazinin mühafizəsi, 2 milyard hektar sahənin davamlı idarə edilməsi və 350 milyon hektar eroziyaya uğramış torpaq sahələrinin bərpası ilə 2,4 milyard hektara qədər sağlam təbii və dayanıqlı kənd təsərrüfatı ekosistemlərini təmin etmək mümkündür. Karbonla zəngin yerüstü, şirin su və dəniz ekosistemlərini qorumaq, mühafizə etmək və bərpa etməklə qlobal təsirlərin azaldılması səyləri də əhəmiyyətli dərəcədə artırılmalıdır.
Sammitdə çıxış edən ekspertlər qida təhlükəsizliyi, torpaq məhsuldarlığı, uyğunlaşma və fəlakət riskinin azaldılması, okeanlar və davamlı mavi iqtisadiyyat məsələlərini müzakirə ediblər. Ekoloq alimlər qeyd ediblər ki, mərcan rifləri bu gün də diqqət mərkəzindədir, çünki onlar qlobal miqyasda istənilən ekosistemin ən yüksək biomüxtəlifliyinin göstəricisidir və əsasən də yoxsul ölkələrdə 500 milyondan çox insanın həyat şəraitini birbaşa dəstəkləyir. Mərcan riflərinin ən çox təhlükə altında olan ekosistemlər arasında yaşaması üçün yeganə şans qlobal orta temperaturun sənayedən əvvəlki səviyyədən 2C-dən çox aşağı səviyyədə məhdudlaşdırılmasıdır.
Panel iclaslarında biomüxtəlifliyin təmin edilməsində hökumətlərin özəl strukturlarla sıx əməkdaşlığı, həmçinin ekoloji layihələrə daha çox investisiya qoyulması məsələləri də müzakirə olunub.
Noyabrın 18-də COP-27 iqlim sammiti öz işinə yekun vuracaq.
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə