COVAX proqramı çərçivəsində bu ilin sonunadək Afrika ölkələrinə 520 milyon peyvənd dozası çatdırılmalıdır
Cenevrə, 8 iyul, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVAX qlobal mexanizmi çərçivəsində bu ilin sonunadək Afrika ölkələrinə koronavirus əleyhinə ümumilikdə 520 milyon peyvənd dozasının çatdırılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə proqramın icraçı direktoru Aurelia Nquyen məlumat verib.
O bildirib ki, Hindistanın ixrac məhdudiyyətlərini aradan qaldırmasından sonra sentyabrdan başlayaraq peyvənd partiyaları qitə ölkələrində paylana bilər. İndiyədək proqram çərçivəsində Afrikanın 44 ölkəsinə 25 milyon peyvənd dozası çatdırılıb və bu göstərici qənaətbəxş sayıla bilməz.
COVAX təşəbbüsünün iştirakçıları arasında yer alan Vaksin və İmmunizasiya üzrə Qlobal Alyans (GAVI) hələ mart ayında bəyan etmişdi ki, 1,3 milyard əhalisi olan Afrikaya bu il ərzində 720 milyon peyvənd dozasının çatdırılması hədəflənir. Lakin həmin ay Hindistanın peyvənd maddələrinin ixracına qoyduğu qadağa COVAX proqramı çərçivəsində verilən vədlərin reallaşmasını əngəllədi.
A.Nquyen bildirib ki, hazırda Hindistan hökuməti ilə aparılan danışıqların uğurla başa çatacağına və ilin sonunadək yarım milyard peyvəndin Afrikaya çatdırılacağına ümid bəsləyir. O, həmçinin qeyd edib ki, 2022-ci ilin birinci rübü başa çatana kimi COVAX bu qitəyə göndərəcəyi peyvənd dozalarının sayını ümumilikdə 850 milyona çatdırmaq niyyətindədir. Afrika ölkələrinə göndəriləcək peyvəndlər arasında “AstraZeneca” ilə yanaşı, “BioNTech/Pfizer”, “Moderna” və “Johnson & Johnson” peyvəndləri də yer alacaq.
Qeyd edək ki, COVAX çərçivəsində vəd olunan peyvənd dozaları həqiqətən də Afrika ölkələrinə vaxtında təqdim edilsə, bu, qitə əhalisinin 30 faizinin tam vaksinasiyasına səbəb ola bilər. İndiyədək qitə əhalisinin cəmi 1,2 faizi koronavirusa qarşı tam peyvənd olunub.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə