İDMAN
Cüdo üzrə fəndlərin düzgün icra edilməsi, qiymətləndirmə meyarları barədə müzakirələr aparılıb
Bakı, 22 iyul, AZƏRTAC
Azərbaycan Cüdo Federasiyasının (ACF) Kəmər imtahan komitəsinin təşkilatçılığı ilə Qusarda seminar keçirilib.
Bu barədə ACF-dən AZƏRTAC-a məlumat verilib.
Azərbaycan Cüdo Federasiyasının Kəmər imtahan komitəsinin təşkilatçılığı ilə Qusar Olimpiya İdman Kompleksində seminar keçirilib. Seminarda Kəmər imtahan komitəsinin üzvləri, Şimal regionun müxtəlif klub, cəmiyyət və idman təşkilatından olan məşqçiləri və cüdoçuları iştirak ediblər.
Seminarda ötən il Beynəlxalq Cüdo Federasiyasının (BCF) akademiyasında yüksək nəticə əldə edən peşəkar cüdo məşqçiləri tərəfindən imtahanlarda tələb olunacaq fəndlər əyani şəkildə nümayiş etdirilib.
Seminar zamanı fəndlərin düzgün icra edilməsi, imtahanların proqramları, qiymətləndirmə meyarları barədə müzakirələr aparılıb. Bu ilin oktyabr ayında keçirilməsi planlaşdırılan kəmər imtahanları haqqında ətraflı məlumat verilib. Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Kəmər imtahanlarının əsas məqsədi cüdo idman növünün fundamental, keyfiyyətli inkişafı, beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin bu idman növü ilə məşğul olan uşaq və yeniyetmələrin kəmər dərəcələri vasitəsilə həvəsləndirmə prosesinin effektiv təşkilini həyata keçirməkdir.
Qeyd edək ki, kəmər imtahanları regionları da əhatə etmək şərtilə oktyabr ayından etibarən ildə ən azı 2 dəfə olmaqla təşkil edilməsi planlaşdırılır.