CULFA RAYON MƏRKƏZİ XƏSTƏXANASININ AÇILIŞ MƏRASİMİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iyunun 3-də Culfa rayon mərkəzi xəstəxanasının açılış mərasimində iştirak etmişlər. Mərasimə toplaşanlar dövlətimizin başçısını və xanımını alqışlarla qarşıladılar.
Xəstəxananın uzun illər yararsız vəziyyətdə olduğu üçün burada lazımi səviyyədə tibbi xidmətin təşkili mümkün deyildi. Ötən il onun yerində yeni binanın tikilməsinə başlanılmışdı. 62 çarpayılıq xəstəxana əsas və əlavə korpuslardan, yardımçı tikililərdən ibarətdir. Yeni xəstəxanada tibbi müayinə və müalicə işinin təşkili üçün bütün şərait yaradılmışdır. Müasir avadanlıq və avtomobillərlə təchiz olunmuş təcili yardım bölməsi də vardır. Müalicə ocağında dializ, rentgen bölmələri, doğum və ginekologiya, terapiya şöbələri, poliklinika və fizioterapiya bölməsi fəaliyyət göstərir. Dördüncü mərtəbədə yerləşən əməliyyat bloku xaricdən gətirilən müasir avadanlıqla təchiz olunmuşdur. Bu, ağır cərrahi əməliyyatların uğurla aparılmasına imkan verir. Xəstəxanada müasir istilik sistemi, liftlər quraşdırılmışdır. Binanın zirzəmi hissəsində isə yeməkxana yerləşir.
Prezident İlham Əliyev xəstəxananın açılışını bildirən rəmzi qırmızı lenti kəsdi, yeni müalicə ocağı ilə tanış oldu. Dövlətimizin başçısı burada yaradılmış şəraiti yüksək qiymətləndirdi.
Sonra xəstəxananın açılışı münasibətilə mərasim keçirildi.
Mərasimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açdı.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.
