DAĞISTAN RESPUBLİKASININ NÜMAYƏNDƏ HEYƏTİ ÜMUMMİLLİ LİDERİMİZ, PREZİDENT HEYDƏR ƏLİYEVİN XATİRƏSİNİ YAD ETMİŞDİR
Həmin gün Dağıstan Dövlət Şurası sədrinin müşaviri Səid Qurbanov, Dövlət Şurasının üzvü Qurban Qurbanov, Rusiya Federasiyası Federasiya Şurasının beynəlxalq işlər komitəsi sədrinin birinci müavini İlyas Umaxanov, Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəliyinin başçısı, Xalq Məclisinin deputatı Məhəmməd Qurbanov və Xalq Məclisinin deputatı Aydın Mürsəlovdan ibarət nümayəndə heyəti də Fəxri xiyabanı ziyarət etmişdir.
Məlum olduğu kimi, Prezident Heydər Əliyev Rusiyanın bütün regionları ilə, xüsusən Azərbaycana qonşu olan regionlarla ikitərəfli münasibətlərin inkişafına böyük diqqət yetirirdi. Müdrik siyasətçinin məsləhətlərinə qonşu respublikada həmişə hörmət və ehtiramla yanaşırdılar. Azərbaycan müstəqilliyə qovuşduqdan sonra Dağıstandan ölkəmizə tez-tez nümayəndə heyətləri gəlirdi. Prezident Heydər Əliyev onları həmişə böyük mehribanlıqla qəbul edir, Dağıstanda baş verən hadisələrlə maraqlanırdı. Dağıstan xalqları görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin xatirəsini də həmişə ehtiramla anırlar.
Qonşu respublikanın nümayəndə heyətinin üzvləri Prezident Heydər Əliyevin məzarı önünə Dağıstan rəhbərliyi adından əklil və gül-çiçək qoydular, Azərbaycan xalqının ümummilli liderinin nurlu xatirəsini dərin ehtiramla yad etdilər.