“Dalğına tor quran dünya” şeirlər toplusu nəşr olunub
Bakı, 14 oktyabr, AZƏRTAC
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Aşıqlar Birliyinin qərarı ilə işıq üzü görən kitabın elmi məsləhətçisi Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, redaktoru filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədovdur.
“Dalğına tor quran dünya” Zaqatala aşıq mühitinin tanınmış simalarından olan Cahangir Dalğının yaradıcılığının əvəzsiz nümunələrini özündə əks etdirir.
Z.Mənsimova kitaba yazdığı “Ön söz”də bildirir ki, klassik xalq dastanlarımızı dərindən bilən Aşıq Cahangir şeirlərini “Şəms”, “Dalğın”, “Coşğun”, “Qəmgin”, “Tənhalı”, “Cahangir” kimi təxəllüslərlə “Zaqatala” və “Şəlalə” qəzetlərində dərc etdirib.
Kitabda aşığın gəraylıları, qoşmaları, təcnisləri, qəzəlləri, divaniləri, müxəmməsləri, həmçinin müxtəlif yarımçıq şeirləri toplanıb. Əsrarəngiz Vətən təbiətinin təsviri aşıq Dalğın yaradıcılığını daha da zənginləşdirib, ona füsunkar çalarlar bəxş edib. Aşıq təbiət gözəlliklərini insan ruhu ilə sıx əlaqədə tərənnüm edir. Z.Mənsimovanın fikrincə, Cahangir Dalğının təcnisləri ideya, bədii təsvir vasitələrinin, eləcə də məcazlar sisteminin zənginliyi ilə xüsusi diqqət çəkir.
Qeyd edək ki, Cahangir Dalğının həyat yolu, acı taleyi, yaradıcılığının bəzi qiymətli inciləri daha əvvəl Z.Mənsimovanın “Zaqatala aşıqları”, “Zaqatala folklor örnəkləri”, həmçinin “Zaqatala aşıq mühiti” monoqrafiyalarında da yer alıb.