Daşkənddə 20 Yanvar faciəsi ilə bağlı mərasim keçirilmişdir
Daşkənd, 18 yanvar (AZƏRTAC). Yanvarın 18-də Azərbaycanın Özbəkistandakı səfirliyi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar mərasim keçirmişdir.
Tədbirdə Azərbaycan və Türkiyə səfirliklərinin əməkdaşları, diasporumuzun üzvləri, Özbəkistanın ədəbiyyat və mədəniyyət xadimləri iştirak etmişlər.
Mərasim iştirakçıları 20 Yanvar faciəsi ilə bağlı fotostendə baxmış, stendin qarşısına üzərinə qara lent bağlanmış əklil qoymuş, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Azərbaycanın Özbəkistandakı müvəqqəti işlər vəkili Akif Əliyev 1990-cı ildə sovet imperiyasının Azərbaycana qarşı törətdiyi ən dəhşətli cinayətlərdən olan 20 Yanvar faciəsinin yaranma səbəbləri haqqında ətraflı məlumat vermişdir. Diplomat demişdir ki, Bakıda törədilmiş qanlı faciədən bir gün sonra o vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev Azərbaycanın nümayəndəliyinə getmiş, burada keçirdiyi mətbuat konfransında 20 Yanvar faciəsinin törədilməsində Mixail Qorbaçov başda olmaqla keçmiş SSRİ-nin rəhbərlərini günahlandırmış, etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxmışdır.
Azərbaycanlı ziyalılar, mədəniyyət və incəsənət xadimləri 20 Yanvar faciəsini törədənləri ittiham etmişlər.
Faciə ilə bağlı məlumatlar toplusu Özbəkistan Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarına, səfirlik və beynəlxalq təşkilatlara göndərilmiş, tədbir iştirakçılarına təqdim edilmişdir.
Sonda “Qanlı yanvara aparan yol” sənədli filmi nümayiş etdirilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd