DAŞKƏNDDƏ HEYDƏR ƏLİYEVİN QIRXI İLƏ BAĞLI MƏRASİM KEÇİRİLMİŞDİR
Mərasimdə Özbəkistanda və Cənubi Qazaxıstanda yaşayan Azərbaycan diasporunun üzvləri, qardaş özbək xalqının elm, ədəbiyyat və incəsənət xadimləri, səfirliyimizin əməkdaşları iştirak etmişlər.
Məscidin axundu Asif Hüseynov Qurani Kərimdən ayələr oxumuş, Heydər Əliyevin ruhuna Allahdan rəhmət diləmişdir.
Azərbaycanın Özbəkistandakı səfiri Aydın Əzimbəyov demişdir: - Dünyada tanınmış siyasi xadim, xalqımızın xilaskarı Heydər Əliyevin vəfatı türk dünyasının böyük kədərinə səbəb olmuşdur. Bu günlər Özbəkistanın bütün vilayətlərindən, o cümlədən Qazaxıstan, Qırğızıstan və Tacikistandan səfirliyimizə başsağlığı teleqramları gəlir, telefon zəngləri edilir. Bütün bunlar sübut edir ki, Heydər Əliyev təkcə Azərbaycanda yox, bütün türkdilli dövlətlərdə sevilib və bundan sonra da seviləcəkdir.
Heydər Əliyevin yaxın dostu, tanınmış siyasi xadim Şərəf Rəşidovun oğlu İlham Rəşidov AZƏRTAC-ın müxbiri ilə söhbətdə qeyd etmişdir ki, Heydər Əliyev sözün əsl mənasında türk dünyasının ən böyük şəxsiyyətlərindən biri idi və atam bunu həmişə etiraf edərdi. O demişdir: Atam Heydər Əliyev ilə dost idi. Heydər Əliyeviç Azərbaycanda, sonralar isə Moskvada işlərkən onlar tez-tez zəngləşir, həm Daşkənddə, həm də Moskvada görüşərdilər. O, bir siyasi xadim kimi atama böyük qiymət verərdi.
Qardaş özbək xalqının nümayəndəsi Xaitbəy Capakov, soydaşlarımızdan Həmid Hüseynov, Fərrux Şirinov çıxış edərək Heydər Əliyevi türk dünyasının böyük simalarından biri, dünya şöhrətli siyasətçi kimi qiymətləndirmişlər.