Daşkənddə müəllim və şagirdlərə Xocalı faciəsi haqqında məlumat verilib
Daşkənd, 26 fevral, AZƏRTAC
Daşkənddəki 48 nömrəli tam orta məktəbin müəllim və şagirdləri Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olublar.
AZƏRTAC xəbər verir ki, müəllim və şagirdlər burada Heydər Əliyev Muzeyi, Azərbaycan Dövlətçilik Tarixi Muzeyi, Xalça Muzeyi ilə yanaşı, mərkəzin kitabxanasına da baxıblar.
Mərkəzin əməkdaşı Kifayət Pirməmmədova onlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, dövlətimizin simvolları, bayraq və gerb haqqında ətraflı məlumat verib.
Şagirdlər foyedə təşkil olunan kitab, foto və suvenirlərdən ibarət sərgiyə də baxıblar.
Xocalı faciəsi haqqında danışan K. Pirməmmədova bildirib ki,
1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı qanlı qətliam törədib, 613 dinc sakin qətlə yetirilib, 150-ə yaxın insan itkin düşüb, 1275 nəfər isə girov götürülüb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd