DƏDƏ QORQUD MEYDANI VƏ TURİZM MƏRKƏZİ İLƏ TANIŞLIQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iyunun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Naxçıvan şəhər mərkəzindəki Dədə Qorqud meydanında olmuşlar. Dövlətimizin başçısına məlumat verildi ki, burada yenidən qurulmuş turizm mərkəzi memarlıq baxımından diqqəti cəlb edir. Keçmiş illərdə burada mədrəsə, sonralar dram dərnəyi fəaliyyət göstərmişdir. Ümummilli lider Heydər Əliyev yeniyetmə yaşlarında dərnəkdə iştirak etmişdir. Onun burada “Vaqif” dramında oynayarkən çəkilmiş fotoşəkli və özünün çəkdiyi məktəbli qızın şəkli nümayiş olunur.
Sonra Prezident İlham Əliyev yenidən qurulmuş beşulduzlu “Təbriz” mehmanxanasına baxdı. Məlumat verildi ki, ən müasir üslubda yenidən qurulmuş mehmanxanada yerli və xarici qonaqları qəbul etmək üçün rahat şərait yaradılmışdır.
Prezident İlham Əliyev yenidənqurma işlərini yüksək qiymətləndirdi.
Sonra dövlətimizin başçısı Dədə Qorqud meydanındakı XVIII əsrə aid Şərq hamamına baxdı. Prezident İlham Əliyev bildirdi ki, bu cür abidələrin qorunub saxlanmasına daim diqqət yetirilməlidir.
![]() |
![]() |

