Dəməşqdə Zəfər Günü münasibətilə rəsmi tədbir keçirilib
Bakı, 7 noyabr, AZƏRTAC
Suriya Ərəb Respublikasının paytaxt Dəməşqdə 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Suriyadakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə Suriya Xarici İşlər və Mühacirlər, Energetika, İnformasiya, Tərbiyə və Təhsil nazirliklərinin yüksəkvəzifəli şəxsləri, Diplomatik İnstitutun direktoru Yasir əl-Cundin, Suriya XİN-in Sosial Tədqiqatlar Mərkəzinin direktoru Bəssəm əs-Süleyman, Xalq Məclisinin üzvü, Suriya Türkman Dərnəkləri Federasiyasının sədri Tariq Cəvizci, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn, Oman, Əlcəzair, Misir, Tunis, Somali, Sudan, Yəmən, Liviya, İordaniya, Braziliya, Kuba, İspaniya, İtaliya, Çex, Rumıniya, Macarıstan, Cənubi Afrika diplomatik missiya rəhbərləri və diplomatları, ABŞ səfirliyinin diplomatları və başqaları iştirak edib.
Qalib Suriyada Azərbaycan xalqının Zəfər Gününün qeyd edilməsinin xüsusi məna daşıdığını vurğulayan müvəqqəti işlər vəkili Elnur Şahhüseynov diplomatların bu tədbirdə iştirakının onların ölkələrinin Azərbaycanın haqq işinə olan dəstəyinin təsdiqi olduğuna diqqət çəkib və bunu yüksək dəyərləndirib.
Ardınca çıxışçı artıq keçmişə qovuşmuş münaqişənin tarixinə, 44 günlük Vətən müharibəsinə, Zəfər Gününə, Dövlət Suverenliyi Gününə, habelə Zəfər Gününün Azərbaycan xalqı üçün rəmziliyinə və milli aspektlərinə qısa və dolğun nəzər salıb. O, 44 günlük Vətən müharibəsi zamanı qardaş Türkiyənin və Pakistanın siyasi və mənəvi dəstəyini, həmçinin Azərbaycan ərazilərini işğal altında saxlanıldığı dövrdə qardaş Səudiyyə Ərəbistanı Krallığının Ermənistanı dövlət olaraq tanımadığını xüsusi qeyd edib.
Sonra “8 Noyabr” adlı sənədli film nümayiş olunub, tədbir ziyafətlə davam edib.
Bundan başqa, Dəməşq Universitetinin Strateji Araşdırmalar və Tədqiqatlar Mərkəzi ilə əməkdaşlıqda Universitetin Siyasi elmlər fakültəsinin tələbələri üçün E.Şahhüseynovun “Azərbaycan tarixi son 100 il ərzində” və “Yeni dövrdə Azərbaycan-Suriya əlaqələri” mövzularında mühazirəsi təşkil olunub.
Universitetin rektoru Mustafa Saim əd-Dəhrin, ali təhsil və elmi araşdırmalar nazirinin köməkçisi Əbdülhəmid əl-Xalidin, Suriya XİN-in Strateji Araşdırmalar Mərkəzinin direktorunun və digər şəxslərin iştirakı ilə təşkil olunan mühazirə zamanı tələbələrə “Azərbaycan 1918-1920-ci illərdə”, “Azərbaycan SSRİ, xüsusən də Heydər Əliyevin rəhbərliyi illərində”, “Müstəqil Azərbaycan” və “Azərbaycan 2003-cü ildən” altmövzularında müvafiq məlumatlar təqdim edilib.
Azərbaycan-Suriya əlaqələrinin müasir dövründən bəhs edildiyi zaman Azərbaycanın 2012-ci ildə öz səfirliyinin fəaliyyətini dayandırdığı, lakin dost xalqlarımız arasında təmasların davam etdiyi bildirilib.
Siyasi əlaqələrə gəlincə, bu xüsusda dövlət başçılarının görüşlərinə və bu görüşlərin qarşılıqlı əməkdaşlığın bütün sahələrdə, xüsusən energetika və təhsil sahələrindəki inkişafına olan müstəsna töhfəsi xüsusi qeyd edilib. Elektroenergetika və humanitar sahələrdə Azərbaycan-Suriya İşçi qruplarının fəaliyyətə başladığı və artıq müvafiq görüşlərin keçirildiyi barədə məlumat verilib.
Mühazirə zamanı, həmçinin Azərbaycanın Suriyanın ərazi bütövlüyünə, suverenliyinə dəstəyinin sabit olduğu, ölkəmizin Suriya ilə dostluq və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək niyyətində olduğu diqqətə çatdırılıb.
Sonra mühazirə sual-cavab sessiyası ilə davam edib.