Denis Zotov: Atletlər Kəndinin mükəmməl infrastrukturu insanı heyran edir
Bakı, 17 iyun, Əziz Məmmədov, AZƏRTAC
“Mən Azərbaycan paytaxtında beş il bundan əvvəl olmuşam. Bu illər ərzində Bakı çox dəyişib, daha da qəşəngləşib”.
Birinci Avropa Oyunlarının iştirakçısı, “trap” (stend atıcılığı) üzrə Rusiya çempionu Denis Zotov bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.
D.Zotov ölkəmizin idman infrastrukturunun səviyyəsi mövzusuna toxunaraq vurğulayıb ki, bu göstərici dünya standartları səviyyəsindədir. O deyib: “Azərbaycanın idman infrastrukturunun səviyyəsi xoşuma gəldi. Dərhal görünür ki, burada Avropa Oyunlarına çox ciddi hazırlaşıblar. Hərçənd, belə bir mühüm, dünya miqyaslı idman tədbirinin keçirilməsinə hazırlıq üçün 3 ildən az vaxt ayrılıb. Bakıdakı Atletlər Kəndinin genişliyi və mükəmməl infrastrukturu isə insanı heyran edir. Burada yaşamaq üçün zəruri olan hər cür şərait var”.