Dənli və texniki bitkilərin yetişdirilməsi və tədarükü əhalinin ərzaq təminatında mühüm rol oynayır
Bakı, 18 iyun, AZƏRTAC
Dənli və texniki bitkilərin yetişdirilməsi və tədarükü əhalinin ərzaq təminatında mühüm rol oynayır. Bu səbəbdən respublikamızda bu sahənin inkişafına xüsusi diqqət yetirilir.
Bunu Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva AZƏRTAC-a müsahibəsində deyib.
G.Mehdiyeva qeyd edib ki, xüsusən də taxıl tədarükünün artırılması və ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı daim ölkə rəhbərliyi tərəfindən mühüm qərarlar qəbul edilir. Dənli, texniki bitkilərin və taxıl tədarükünün artırılması ilə bağlı ən vacib vəzifələrdən biri də bu strateji əhəmiyyətli məhsulların yanğından mühafizəsidir. Bunun üçün dənli texniki bitkilərin biçini, daşınması və saxlanılması dövründə yanğın təhlükəsizliyi qaydalarına vaxtında və düzgün əməl olunmalıdır. Bu məqsədlə FHN-in müvafiq qurumları yanğın təhlükəsizliyi qaydaları barədə fermerlər və digər aidiyyəti şəxslərin maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirir.
Bildirilib ki, fermerlər və təsərrüfat rəhbərləri tərəfindən taxıl sahələrinin yaxınlığından keçən avtomobil yollarının kənarının şumlanması, yüksək gərginlikli elektrik hava xətlərinin mühafizə zonalarında yanğından mühafizə tədbirlərinin görülməsi, biçində istifadə olunan texnikanın istismarı zamanı istismar qaydalarına riayət olunması və ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi istiqamətində addımlar atılmalıdır. Həmçinin cavabdeh şəxslər ərazidə yerləşən su mənbələrinin əvvəlcədən müəyyən olunaraq, yanğın avtomobillərinin yaxınlaşıb su götürməsi üçün lazımi şəraitin yaradılması, əkin sahələri arasında yanğına qarşı məsafələrin gözlənilməsi və zəmi ətrafının şumlanması kimi vacib yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin etməlidirlər. Bu qaydalara əməl olunmaması yanğın hadisələrinin baş verməsinə və şiddətlənərək geniş sahələrə yayılmasına şərait yaradır. Dənli və texniki bitkilərin biçilmiş sahələri şumlanmalıdır. Vətəndaşlar bilməlidirlər ki, biçilmiş sahələri və ya onlara yaxın ərazilərdə kolluqları yandırmaq, sondürülməmiş siqaret kötüklərinin tullantıları, nəzarətsiz qalan tonqallar və digər alovla ehtiyatsız davranış halları ekologiyaya ziyan vurmaqla yanaşı, qonşu zəmilərin, meşə zolaqlarının alışmasına və böyük maddi itkilərə gətirib çıxarır.
“Onu da qeyd edim ki, yanğın hadisələrində günahkar şəxslər qanunda nəzərdə tutulmuş qaydada hüquqi məsuliyyət daşıyır. Qeyd olunanları nəzərə alaraq, ot-taxıl biçini mövsümündə əkin sahələrində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunması üçün fermer və təsərrüfat rəhbərləri, eləcə də hər bir vətəndaş üzərinə düşən vəzifəni yerinə yetirməli, bu strateji əhəmiyyətli məhsulun yanğından qorunmasını təmin etməlidir”, - deyə G.Mehdiyeva qeyd edib.