Deputat: ADY-nin dinamik qiymət siyasəti dünya təcrübəsində geniş istifadə edilir

Bakı, 24 sentyabr, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) xidmət imkanlarını genişləndirir və vətəndaşların nəqliyyatın bu növündən qüsursuz istifadəsinə şərait yaradır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Deputat qeyd edib ki, ADY-nin daimi sərnişini kimi o, tez-tez qatarla Gəncəyə gedir və qərb istiqaməti üzrə reyslərin sayının çox olmasından razıdır. Deputat, eyni zamanda, ADY-nin tətbiq etdiyi yeni dinamik qiymət siyasətinə də münasibət bildirib.
“Bu, dünya təcrübəsində geniş istifadə edilən haldır. Belə ki, Avropa ölkələrinin bir çoxunda bilet alındığı müddət, doluluq faizi, yer seçiminə görə qiymətlər dəyişir. Artıq ADY sərnişinləri də ölkədaxili istiqamətlərdə səyahətlərini öncədən planlaşdırmaqla endirimli qiymətlər əldə edə bilərlər”, - deyə N.Həmzəyev qeyd edib.
Deputat əlavə edib ki, dinamik tarif modeli erkən bilet alan sərnişinləri mükafatlandırır, həmçinin öncədən əlavə qatarların (reyslərin) təyin edilməsi baxımından ADY üçün planlaşdırma imkanları yaradır: “Güman edirəm ki, ADY gələcəkdə bu imkanları daha da genişləndiricək. Yəni, biletlərin alınması zamanı yığılan keşbeklər nəticəsində sərnişinlərin “Biznes klas” sinfindən səfər etmələrinə imkan yaranacaq”.
Milli Məclisin deputatı vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” şəbəkəsinin qurulmasına da münasibət bildirib. Onun sözlərinə görə, sərnişinlər əvvəllər pulsuz internetdən istifadə edə bilmirdilər: “Bu, müəyyən qədər də olsa, problemlərə səbəb olurdu. Aparılan islahatlar nəticəsində ADY sərnişinlərin ölkədaxili səfərlər zamanı internetdən istifadəsini asanlaşdıraraq oktyabr ayından etibarən qatarlarda ödənişsiz “Wi-Fi” şəbəkəsi istifadəyə verəcək”.
Naqif Həmzəyev şəhərlərarası dəmir yolu hərəkətindən başqa paytaxtətrafı ərazidə də ADY-nin xidmətini yüksək qiymətləndirib. O, vətəndaşların qatarlardan çox istifadə etməsini şəhərdəki tıxacın azalmasına səbəb olduğunu deyib.
Qeyd edək ki, yeni qiymət siyasətinə əsasən, bilet qiymətləri tələbdən asılı olaraq dəyişə biləcək. Bilet satış sisteminə inteqrasiya edilmiş qabaqcıl texnologiyalar sayəsində sərnişinlərə real vaxtda qiymətləri izləmək və ən uyğun səyahət vaxtını seçmək imkanı yaradılır. Səfərə 25-30 gün qalmış, əks istiqamətdə oturacağa bilet almış sərnişinlər 15 faiz endirimdən yararlana biləcəklər.