Deputat: Azərbaycan Prezidentinin uğurlu xarici siyasəti ölkəmizin etibarlı dostlarının sayını artırıb
Bakı, 5 yanvar, AZƏRTAC
Ölkəmizin ərazi bütövlüyü 1991-ci ildə BMT tərəfindən tanınıb. Bu gün ermənilərin məskunlaşdıqları Qarabağın dağlıq ərazisi də Azərbaycanın suveren torpaqlarıdır. Beynəlxalq müstəvidə qəbul edilən qərarlarda ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır. Amma təəssüf ki, ölkələri müstəmləkə boyunduruğu altında saxlamaqla uzun müddət talançılıq siyasəti həyata keçirən Fransa beynəlxalq platformalarda da özünün ədalətsiz siyasətini davam etdirməyə can atır. Lakin dünya dəyişib, müstəmləkəçilikdə olan ölkələr də azadlığa qovuşur. Təəssüf ki, Fransanın baxışları dəyişmir və ərazicə kiçik müsəlman ölkələrinin də onun dediyi ilə oturub-durmasını istəyir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.
A.Badamov bildirib ki, Azərbaycan siyasi və iqtisadi cəhətlərdən müstəqil ölkədir. Ölkəmizin beynəlxalq siyasəti müstəqil və aydındır, mövqeyimiz isə beynəlxalq hüququn norma və prinsiplərinə hörmət üzərində qurulub. Əgər hər hansı bir ölkə Azərbaycana qarşı hörmətsiz yanaşmağa cəhd edərsə, cavabı yerindəcə verilir. Fransanın Azərbaycana bugünkü münasibətini də ölkəmizə hörmətsizliyin nümayişi kimi başa düşmək olar. Azərbaycanın dünyadakı dostları Fransa və bizə yan baxan digər dairələri baxışlarında dəyişiklik etməsinə məcbur edir.
“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti ölkəmizin ədalətli mövqeyini dəstəkləyən etibarlı dostlarımızın sayını artırıb. Etibarlı dostlarımızın çox olması isə beynəlxalq platformalarda ölkəmizə qarşı çirkin niyyətləri həyata keçirmək istəyənlərin planlarını fiaskoya uğradır. Ermənistanın “böyük bacısı” Fransa BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə qəbul etdirmək üçün dəridən-qabıqdan çıxıb. Belə ki, Makron və Fransa XİN-i gecə-gündüz bir yerdə çalışaraq saxta məlumatlarla guya Laçın yolunun blokadaya alınması ilə bağlı BMT TŞ-da Azərbaycana qarşı qərəzli sənəd qəbul etdirməyə can atdı. Amma qurumun iclasında İngiltərə, Rusiya, Albaniya, BƏƏ və digər qeyri-daimi üzv dövlətlər Azərbaycanın ədalətli mövqeyini dəstəklədilər. Təqdim etdiyi sənəddən "Dağlıq Qarabağ" ifadəsinin çıxardılması, “humanitar yardım və dəstək addımları” bəndinin önünə “Azərbaycanın ərazi bütövlüyünə dəstək” ifadəsinin əlavə olunması Fransanı, ümumiyyətlə, bu sənədi gündəlikdən çıxarmağa məcbur etdi. Beləliklə, Fransa və Ermənistanın növbəti xəyanətkar və riyakar arzuları iflasa uğradı. Fransanın bir az da olsa abır-həyası varsa, bu məsələdən sonra Ermənistanın arxasında yıxılmaqdan əl çəkər. Fransanın Azərbaycanla düşmənçilik etməsinə, əslində, heç bir əsası da yoxdur. Çünki Azərbaycan Fransaya həmişə yaxşı münasibət bəsləyib və ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsini yüksək dəyərləndirib. Amma Makron prezident seçiləndən sonra Fransa ermənipərəst mövqeyi nümayiş etdirməyə başlayıb. Ölkəmiz siyasi etika naminə Fransa ilə münasibətləri davam etdirir. Amma Makron Azərbaycana qarşı ədalətsizlik nümayiş etdirməklə Fransanı hörmətdən və nüfuzdan salır”, - deyə deputat qeyd edib.
Azər Badamov diqqətə çatdırıb ki, Azərbaycan qalib ölkədir. Ölkəmizin mövqeyi suveren əraziləri çərçivəsində dövlət müstəqilliyini möhkəmləndirmək, regionda sülh və əməkdaşlığı genişləndirməkdir. Prezident İlham Əliyevin ədalətli mövqeyi bundan sonra da diplomatiyamıza uğurlu nailiyyətlər gətirəcək, düşmənlərimiz isə içindən çürüyüb məhv olacaqlar.