Deputat: Gürcüstanda seçkilər azad və şəffaf keçir
Tbilisi, 2 oktyabr, AZƏRTAC
Gürcüstanda keçirilən yerli seçkilərdə vətəndaşlara rahat səsvermələri üçün hər cür şərait yaradılıb. Səsvermənin gedişində seçici fəallığı müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanda keçirilən bələdiyyə və mer seçkilərini müşahidə edən Azərbaycan Milli Məclisinin deputatı Cavid Osmanov söyləyib.
Tbilisidə bir neçə məntəqədə səsvermə prosesini izlədiyini bildirən deputat deyib ki, havanın yağışlı olmasına baxmayaraq, məntəqələrdə seçici fəallığı müşahidə olunur.
“Məntəqələrdə müxtəlif partiyalardan olan müşahidəçilərin və jurnalistlərin fəaliyyətləri üçün hər cür şərait yaradılıb. İndiyədək hər hansı bir qanun pozuntusu ilə rastlaşmamışıq”, - deyən deputat əlavə edib ki, Gürcüstanda seçkilərdə ilk dəfədir elektron səsvermə sistemindən istifadə olunur. Bu yenilik Tbilisinin bir rayonunun seçki məntəqələrində pilot layihə kimi tətbiq edilir. Gələcəkdə bu sistem daha geniş tətbiq oluna bilər”, - deyə deputat vurğulayıb.
Qeyd edək ki, Cavid Osmanov seçkiləri GUAM Parlament Assambleyasının xətti ilə müşahidə edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi