Deputat: Hazırkı mürəkkəb qlobal mühitdə parlament diplomatiyasının rolu getdikcə artır
Bakı, 5 dekabr, AZƏRTAC
Bugünkü mürəkkəb qlobal mühitdə parlament diplomatiyasının rolu getdikcə artır. Parlament diplomatiyası beynəlxalq münasibətlər sistemində multilateralizmin təşviqi üçün mühüm əhəmiyyət daşıyır. Asiya Parlament Assambleyası (APA) kimi təsisatlar həm regional, həm də qlobal səviyyədə qarşıda duran çağırışların həllində aparıcı qurumlardan birinə çevrilməkdədir.
Bu fikirləri Milli Məclisin APA-dakı nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev təşkilatın İranın Məşhəd şəhərində keçirilən Siyasi məsələlər üzrə Daimi Komitəsinin iclasında çıxışı zamanı deyib.
Azərbaycan–İran əməkdaşlığının ikitərəfli və çoxtərəfli platformalarda uğurla inkişaf etdiyini bildirən deputat Prezident İlham Əliyevin sülh gündəliyi və regionda yaranmış yeni siyasi reallıqlar barədə də məlumat verib. Bildirib ki, onilliklər sonra ilk dəfə olaraq Cənubi Qafqazda de-fakto sülh bərqərar edilib. Azərbaycanın Qələbəsi regionda yeni siyasi reallıq yaratmaqla Asiya ilə Avropa, eləcə də Asiya ölkələri arasında iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açıb. Bu kontekstdə Zəngəzur dəhlizi Orta Dəhlizin vacib seqmenti kimi Şərq–Qərb və Şimal–Cənub istiqamətlərində nəqliyyat-ticarət əlaqələrinin intensivləşməsində mühüm rol oynayacaq, sülhün, çoxtərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək.
Qeyd edək ki, Asiya Parlament Assambleyasında 44 üzv dövlət var. Milli Məclis 2024-2025-ci illərdə APA-ya sədrlik edir. Cari ilin fevralında Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Bakıda APA-nın ali orqanı, Parlament sədrlərinin iştirakı ilə Plenar iclas keçirilib. Sədrlik 2026-cı ildən Bəhreyn Krallığına keçir.