Deputat: Həm fərd, həm də dövlət kimi güclü olmağın tək yolu keyfiyyətli təhsildir
Bakı, 1 mart, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Milli Məclisin deputatı Fazil Mustafa ilə görüş təşkil olunub.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, görüşdə rektor Ceyhun Məmmədov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, elmi və mədəni inkişafı istiqamətində təşkil olunan konfrans, seminar, layihə və proqramlar barədə məlumat verib. O, gənc kadrların intellektual səviyyəsinin artırılmasında daha böyük nəticələrin əldə olunması üçün elm və təhsil əlaqələrinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, institut tədrisin yüksək səviyyədə təşkili ilə yanaşı, müasir dövrümüzün tələblərinə cavab verən, zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsi məqsədilə davamlı tədbirlər və görüşlər təşkil edir.
Fazil Mustafa yetişməkdə olan gənc nəslin qarşısında duran prioritet məsələlərdən bəhs edib. Gələcəkdə uğur qazanmağın yollarını keçmişdə baş verən hadisələrin düzgün qiymətləndirilməsində və doğru təhlilində gördüyünü bildirən F.Mustafa gənclərə tariximizlə yanaşı, dinimizi də dərindən öyrənməyin vacibliyini tövsiyə edib.
Deputat tələbələrin intellektual səviyyəsinin yüksəlməsi üçün müxtəlif dillərdə mütaliənin əhəmiyyətini nəzərə çatdırıb. İnsanın şəxsiyyət kimi formalaşmasında təhsilin əhəmiyyətini vurğulayan F.Mustafa həm fərd, həm də dövlət kimi güclü olmağın tək yolunun keyfiyyətli təhsillə mümkün olduğunu bildirib və tələbələrin suallarını cavablandırıb.