Deputat: Nasistlərin xələfləri olan erməni faşistlərinin müharibə cinayətləri cəzasız qalmamalıdır
Bakı, 4 noyabr, AZƏRTAC
Döyüş meydanında Azərbaycan Ordusunun dərs verdiyi Ermənistanın gücü günahsız dinc əhaliyə, qadınlara, uşaqlara çatır və bu səbəbdən də xaincəsinə mülki vətəndaşları hədəf seçir. Onların Gəncəyə, Bərdəyə, Tərtərə və başqa yaşayış məntəqələrinə beynəlxalq səviyyədə qadağan olunmuş raketlərlə məqsədli şəkildə hücum etmələri də dövlət səviyyəsində həyata keçirdikləri terror siyasətinin göstəricisidir. Lakin buna baxmayaraq, Azərbaycan Ordusu Gəncənin də, Bərdənin də qisasını alır, düşmənə ağır zərbələr endirir, torpaqlarımızı işğaldan azad edir.
Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, tarixə ləkə kimi düşən bu faciələrə görə Ermənistan məsuliyyətdən boyun qaçıra bilməyəcək və bu gün işğal altındakı ərazilər azad olunduğu kimi, gün gələcək bu müharibə cinayətlərini törədənlər də hərbi tribunallarda əməllərinə görə cavab verəcəklər. “Tarixdə heç bir müharibə cinayəti cəzasız qalmır. Biz bunun tarixi və əyani sübutları ilə dəfələrlə qarşılaşmışıq. Məsələn, 1945-ci ildə hərbi cinayətkarların mühakiməsi üçün Nürnberq Beynəlxalq Hərbi Tribunalı təsis edilmişdi. 1946-cı ildə Uzaq Şərq üçün Beynəlxalq Tokio Hərbi Tribunal yaradılmışdı. Eləcə də 1993-cü ildə Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı təsis edilmişdi. Həmçinin 1994-cü ildə Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalı yaradıldı. Bütün bu tribunallarda əhalinin məhv edilməsi, kütləvi edamı və ya soyqırımına məruz qalmasında təqsiri olanlar cəzalandırıldılar. Əlbəttə, Azərbaycan xalqı da Ermənistanın siyasi-hərbi rəhbərliyi tərəfindən kütləvi qətllərə və soyqırımına məruz qalıb. Bu gün də Azərbaycan xalqı erməni faşizmindən əziyyət çəkir. Təkcə sentyabrın 27-dən başlanan hərbi əməliyyatlar zamanı ermənilərin münaqişə zonasından kənarda yerləşən yaşayış məntəqələrinə ballistik raketlər və qadağan edilmiş kasetli bombalarla hücum etməsi nəticəsində 91 dinc sakin həlak olub, o cümlədən 1 körpə, 10 uşaq, 27 qadın qətlə yetirilib. Müasir dövrdə bu cür cinayətlərə susmaq ən böyük ədalətsizlik və qətliam törədən faşistlərin daha da həvəsləndirilməsi olar. Ona görə də, 75 il əvvəl nasistlərin törətdiyi cinayətlər cəzasız qalmadığı kimi, onların xələfləri olan erməni faşistlərinin də müharibə cinayətləri cəzasız qalmamalıdır”, - deyə deputat qeyd edib.
Dünyanın Ermənistanın siyasi-hərbi rəhbərliyinin Qarabağa terrorçular gətirməsinə, Azərbaycana qarşı vuruşdurmasına susmamalı, erməni faşistlərinin bu əməllərinin də cəzasız qalmamalı olduğunu diqqətə çatdıran S.Vəliyeva deyib: “Qarabağda hərbi əməliyyatların başlandığı ilk günlərdə bəzi dövlətlərin başçıları və mediaları Azərbaycanı və Türkiyəni ittiham edirdilər. Lakin sonradan üzə çıxan faktlar bir daha isbatladı ki, Azərbaycan muzdlulardan istifadə etmir, əksinə, Ermənistan Qarabağda terror yuvası salıb. Muzdluların və yaraqlıların Ermənistan ordusunda vuruşması, əcnəbi vətəndaşların orduya cəlb edilməsi və Qarabağa göndərilməsi demək olar ki, adi hal alıb. Lakin Azərbaycanı və Türkiyəni ittiham edən ölkələr, medialar bu dəfə susmağa üstünlük verdilər. Niyə? Bu qədər ikili standartlar nə üçündür? Bir halda ki, Azərbaycan nəinki regionu, hətta dünyanı faşizm bəlasından xilas edir, niyə ölkəmizə qarşı ədalətsizlik olmalıdır? Axı, sabah bu faşistlər başqa təxribatlar da törədə bilərlər. O zaman məsuliyyət kimin üzərində olacaq? Ona görə də, Ermənistanın siyasi-hərbi rəhbərliyi bu cür beynəlxalq cinayətlərinə görə də cəzasını almalıdır”.