Deputat: Vardanyan-Harutyunyan cütlüyünün cəzasını Azərbaycandakı ermənilər verəcək
Bakı, 30 dekabr, AZƏRTAC
Bu gün Vardanyan-Harutyunyan cütlüyünün məzlum erməni xalqı obrazının, yəni, itmiş bir obrazı yenidən dirçəltmək üçün təşəbbüslərinin şahidi oluruq. Laçın-Xankəndi yolu açıqdır, baxmayaraq ki, ermənilər öz üzərilərinə düşən öhdəlikləri yerinə yetirmirlər, amma Azərbaycan tərəfi o yolun sərbəst şəkildə işləməsinə şərait yaradıb, hətta alternativ yol da çəkilib. Ancaq buna baxmayaraq, məhz bu yoldan separatçılara silah daşınmasını, quldur dəstələrinin Qarabağa yerləşdirilməsini həyata keçirirdilər. Azərbaycan dövləti bunu çox yaxşı bilir. Bu gün ekofəalların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin etiraz aksiyasının səbəbi ölkəmizin təbii sərvətlərinin talanmasının qarşısını almaq üçün dünya ictimaiyyətinin diqqətini buna cəlb etməkdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov söyləyib.
O bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aldığı məlumatlar əsasında Azərbaycanın yeraltı sərvətlərinin, qiymətli materiallarının talan olunmasının qarşısını almaq üçün monitorinq keçirmək istəyir, ancaq buna imkan verilmir. Belə bir vaxtda indiyədək Qarabağda olmamış, Qarabağı görməmiş Vardanyan adlı biri peyda olur və Vardanyan-Harutyunyan cütlüyü bu gün dünya ictimaiyyətini səhv yola yönəltmək və məzlum erməni obrazının son təbliğatını aparmaqla məşğuldur. Təbii ki, qızıl, mis və digər faydalı qazıntılara sahib olan Azərbaycanın məhz sülhməramlıların təsir dairəsində olan bölgələrində qazıntılar aparılması Vardanyanın ən böyük məqsədlərindən biridir. Onlar erməni xalqını fikirləşmirlər, Qarabağda yaşayan erməniləri düşünmürlər. Onların yeganə məqsədi Azərbaycanın qiymətli sərvətlərini qanunsuz olaraq talan etməkdir. Vardanyan özü də bilir ki, Xankəndidə və ona bitişik kəndlərdəki ermənilərlə heç vaxt istədiklərinə nail olmayacaqlar. Bəli, sosial şəbəkələrin erməni seqmentində müxtəlif xəbərlərlə rastlaşırıq ki, artıq əhali Vardanyan-Harutyunyan cütlüyünün təhdidləri altında yaşaya bilmirlər. Onlar sanki girov şəraitində yaşayırlar.
“Bu gün Avropanın enerji təhlükəsizliyini təmin edən və bugünkü geosiyasi gərginlik fonunda Azərbaycan Avropaya daha çox lazımdır. Bir çox beynəlxalq təşkilatlar, dövlətlər Azərbaycanın haqq səsini dəstəkləyirlər, ancaq təəssüflər olsun ki, bu gün Fransanın, İranın səyləri nəticəsində ermənilərin dünya ictimaiyyətinə məzlum, humanitar fəlakət həddinə çatmış erməni obrazını yaratmaq missiyasını həyata keçirirlər. Təbii ki, bu baş tutmayacaq. Prezident İlham Əliyev və Azərbaycan xalqı vahid səfərbərlik halında istənilən vaxt separatçılardan ibarət dəstələri dağıtmağa hazırdır. Ancaq biz həmişə sülhün tərəfdarıyıq. Biz həmişə bu münaqişənin sülh yolu ilə həll olunmasına tərəfdar olmuşuq. Hesab edirəm ki, məzlum erməni obrazını yaratmaq Vardanyan-Harutyunyan cütlüyünə nəsib olmayacaq. Məhz Azərbaycanda yaşayan ermənilər onların cəzalarını verəcəklər. Biz heç vaxt imkan verməyəcəyik ki, 30 il ərzində faydalı qazıntılarımızı talayan erməni separatçıları bizə məxsus olan torpaqlarda bu gün bu talançılıqla məşğul olsunlar”, - deyə İ.Məmmədov qeyd edib.