“Dərman vasitələri haqqında” Qanuna dəyişikliklərin məqsədi idxal olunan dərmanların qiymətinin optimallaşdırılmasıdır – Müsahibə
Bakı, 4 iyul, AZƏRTAC
Sahəsindən asılı olmayaraq, iqtisadiyyatda ərz və tələb məsələsi vardır. Həmin ərz-tələb məsələsi ölkənin və cəmiyyətin tələblərini müəyyən zaman çərçivəsində tənzimləyir və həmin ehtiyaclara uyğun olaraq tələbatı müəyyənləşdirir.
İqtisadiyyatın daha bir qanunu var ki, bolluq sağlam rəqabəti doğurur. Bir sözlə, rəqabət həm kəmiyyətin, həm də keyfiyyətin tənzimlənməsinə müsbət təsir göstərir. Əslində, bu qanun layihəsinin əsas məqsədlərindən biri də idxal olunan dərman vasitələrinin qiymətinin optimallaşdırılmasıdır. Qarşımıza qoyulan vəzifələrdən biri də ölkədə səhiyyə sahəsində qanunvericiliyin daha da təkmilləşdirilməsi və mükəmməlliyinin təmin olunmasıdır.
Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov “Dərman vasitələri haqqında” Qanunda dəyişikliklə bağlı qanun layihəsi barədə AZƏRTAC-a məxsusi müsahibəsində səsləndirib.
O bildirib ki, Qanuna dəyişikliklərin əsas məqsədi rahatlığı saxlamaqla bolluq yaradaraq dünyanın aparıcı istehsalçılarının Azərbaycanda nümayəndəliklərinin yaradılmasıdır. Belə olan halda, dərmanların qiymətlərinin və keyfiyyətinin beynəlxalq standartlara uyğun tənzimlənməsinə asanlıqla nəzarət etmək olacaq.
Qanuna dəyişikliklərin ümumi predmetləri arasında rahatlaşdırıcı məqamların çox olduğunu deyən R.Mahmudov bildirib: “Onlardan biri də qeydiyyatla bağlıdır. Yəni, əvvəl qeydiyyatın uzunmüddətli aparılması narazılıq yaratmaqla bərabər, qiymətlərin də artmasına səbəb olurdu. Sənədə əsasən, dərman vasitələrinin qeydiyyatının 3-15 iş günündə aparılması təqdirəlayiq bir addımdır.
Komitə sədrinin müavini Avropada istehsal olunan və Avropa İttifaqı tərəfindən istehsalına icazə verilmiş dərmanların sadələşdirilmiş şəkildə ölkəyə gətirilməsi üçün şərait yaradılmasının qanuna dəyişikliklərin müsbət tərəflərindən biri kimi qiymətləndirib.