Dərman vasitələrinin istifadəsi təlimatlarına yeni tələblər müəyyənləşib
Bakı, 20 iyun, AZƏRTAC
Dərman vasitələrinin istifadəsi təlimatlarına yeni tələblər müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin Səhiyyə komitəsinin iyunun 20-də keçirilən iclasının gündəliyinə daxil edilmiş “Dərman vasitələri haqqında” Qanuna dəyişiklik olunması haqqında qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatı qablaşdırmanın içərisində və ya qablaşdırmanın yanında dərman vasitəsini müşayiət etmədiyi təqdirdə istehlakçının tələbi əsasında aptek təşkilatı tərəfindən kağız formasında çap edilərək ona təqdim olunur. Həmin dərman vasitəsinin qeydiyyat vəsiqəsinin sahibi aptek təşkilatını Azərbaycan dilində olan istifadə təlimatı ilə təmin etməyə borcludur.
Qanuna, həmçinin “Dərman vasitələrinə reseptlərin yazılması” adlı yeni maddə əlavə edilib. Dəyişikliyə görə, Bu Qanunun 12-1.5-ci maddəsində qeyd olunan hal istisna olmaqla, reseptdə dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin yazılması qadağandır. Reseptin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Qanun layihəsinə əsasən, aptek təşkilatı istehlakçının müraciəti əsasında təkrarlanmayan nömrə vasitəsilə sistemdə reseptə baxa bilər. İstehlakçının tələbi əsasında resept yazmaq hüququna malik tibb işçiləri (həkim və tibb məntəqələrinin feldşerləri) və ya aptek təşkilatı tərəfindən elektron sənəd formasında olan resept kağız daşıyıcıda ona təqdim olunmalıdır. Resept xəstənin elektron sağlamlıq kartına onun FİN-i vasitəsilə inteqrasiya olunur.