Diaspor təşkilatları Azərbaycan dövlətinin dəstəyi müqabilində daha fəal olmalıdırlar
Madrid, 15 iyun, AZƏRTAC
Bu il iyunun 3-4-də Bakı şəhərində Dünya Azərbaycanlılarının IV Qurultayı keçirilib. Qurultayda iştirak etmiş İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Assosasiyasının ictimai əlaqələr departamentinin rəhbəri Teymur Əliyev təəssüratlarını AZƏRTAC-la bölüşüb.
Diaspor fəalı deyib ki, qurultay yüksək səviyyədə təşkil olunmuşdu. Qurultayın açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev diasporumuzun işinə yüksək qiymət verməklə yanaşı, gələcək fəaliyyət üçün prioritetləri də müəyyən edib. Prezidentin çıxışını diasporun yaxın gələcəkdəki fəaliyyət proqramı kimi qəbul etmək olar. Əsas məqsəd Azərbaycanın müsbət imicinin formalaşdırılması istiqamətində fəaliyyəti davam etdirmək, işğalçı Ermənistan dövləti və onun maraqları üçün fəaliyyət göstərən təşkilatların planlarının pozulması olmalıdır.
T.Əliyev qeyd edib ki, dövlətimizin başçısının diaspor üzvlərini informasiya müharibəsində daha fəal olmağa, azərbaycanlıları yaşadıqları ölkələrdə media ilə sıx əməkdaşlıq qurmağa səsləməsi, Azərbaycan həqiqətlərini çatdıracaq internet portalların sayının və keyfiyyətinin artırılmasına dair tövsiyələri çox əhəmiyyətlidir.
Qurultay çərçivəsində keçirilmiş panel müzakirələri zamanı üzvlərin fəallığından danışan İspaniyadakı diasporumuzun nümayəndəsi Azərbaycan naminə daha səmərəli fəaliyyət üçün koordinasiyanın möhkəmləndirilməsinə ehtiyac olduğunu vurğulayıb. Belə ki, Azərbayacanın diaspora verdiyi dəstək çox ciddidir. Diaspor təşkilatları bunun müqabilində daha yaxşı fəaliyyət göstərməlidirlər.
İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyası olaraq iki ölkənin iş adamlarının əlaqələrinin möhkəmləndirilməsinə çalışdıqlarını deyən T.Əliyev bunun Azərbaycan həqiqətlərinin təbliği üçün münbit şərait yaradacağına əminliyini ifadə edib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid