CƏMİYYƏT
DİN: 160 kiloqramlıq çəki balığını oğurlayıb satan şəxslər tutulublar
Bakı, 6 mart, AZƏRTAC
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında Neftçala rayon sakini Z.Əmənovun idarə etdiyi “Niva” markalı avtomobilə baxış keçiriliblər. Baxış zamanı nəqliyyat vasitəsindən 160 kiloqram ağırlığı olan çəki balığı aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılan araşdırmalarla həmin balıqların Qaraçala qəsəbəsindəki süni balıq göllərinin birindən oğurlanaraq Z.Əmənova satılması müəyyənləşdirilib.
Oğurluğu törətməkdə şübhəli bilinən Kürsəngi kənd sakinləri S.Bəbirov və S.Dünyamalıyev davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı təhqiqat aparılır.