ELM VƏ TƏHSİL
“Din araşdırmaları” jurnalının növbəti nömrəsinə məqalə qəbul edilir


Bakı, 12 fevral, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “Din araşdırmaları” jurnalının növbəti nömrəsinə məqalə qəbulu başlanıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, jurnala Azərbaycandan və xarici ölkələrdən elmi dərəcəsi olan alimlərin, habelə doktorantların, magistrantların məqalələri qəbul edilir. Məqalə qəbulu martın 31-dək aparılacaq.
Aİİ-nin bu nəşri Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə və beynəlxalq standartlara uyğun şəkildə ildə iki dəfə nəşr olunur və elektron formatda yayımlanır. Jurnal 2020-ci ildən AAK tərəfindən fəlsəfə və psixologiya üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib.
Nəşrin redaksiya heyəti Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan, İndoneziya və Malayziyada fəaliyyət göstərən nüfuzlu alimlərdən ibarətdir.
Qeyd edək ki, elmi nəşrə göndərilən və qəbul edilən məqalələr üçün heç bir ödəniş tələb olunmur. Jurnalda dərc olunan hər məqalə üçün DOI (Digital Object Identifier) təsisçi tərəfindən təmin edilir. Müəllif məqaləsini göndərmək üçün qeydiyyatdan keçib şəxsi kabinet yaratmalıdır. Məqalələr yalnız sayt üzərindən qəbul edilir.
“Din araşdırmaları” jurnalının beynəlxalq elmmetrik bazalarda indekslənməsi nəzərdə tutulur.
Jurnalın nəşr edilməsində əsas məqsəd psixologiya və fəlsəfə üzrə, o cümlədən dinin tarixi, fəlsəfəsi, din sosiologiyası və din psixologiyası üzrə Azərbaycan, rus, ingilis, türk və ərəb dillərində hazırlanmış müstəqil tədqiqatları məqalə və resenziya kimi dərc edərək, beynəlxalq aləmdə bu istiqamətdə məlumatların, araşdırmaların artmasına töhfə verməkdir.