DİN Avropa Liqası ilə əlaqədar vətəndaşlara və şəhərimizin qonaqlarına müraciət edib
Bakı, 29 may, AZƏRTAC
UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar daxili işlər orqanlarının şəxsi heyəti fəaliyyətini gücləndirilmiş iş rejimində davan etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin şəxsi heyəti mayın 31-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq. Bu müddətdə ölkəmizə gələn əcnəbilərin, turistlərin və azarkeşlərin təhlükəsizliyinin təmini, Dənizkənarı Milli Parkda yaradılan “Fanzona”da, habelə “Sahil” bağında və “Qış parkı”nda təşkil edilən əyləncə məkanlarında asayişin və təhlükəsizliyin təmin edilməsi xidmətə cəlb olunan polis əməkdaşları tərəfindən yüksək səviyyədə həyata keçirilir. Hər hansı təxribatın və qanunazidd hərəkətlərin qarşısını əvvəlcədən almaq üçün həmin ərazilərə daxil olan şəxslər polis postlarında ciddi yoxlamadan keçirilirlər. Həmçinin “Fanzona”da zonaya dəniz istiqamətindən kənar müdaxilənin qarşısını almaq məqsədilə polis patrul kateri sutkalıq xidmətə cəlb edilib.
Qeyd edək ki, final oyununa qədər “Çelsi” və “Arsenal” komandalarının təlim-məşq bazalarına təhlükəsiz şəraitdə hərəkət etmələri, habelə şəhərdə nəqliyyatın düzgün nizamlanması üçün əlavə yol-patrul naryadları xidmətə cəlb olunub. Bununla yanaşı, gələn qonaqların Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanmaları, onların qaldıqları ünvanlara təhlükəsiz şəraitdə çatdırılmaları üçün polis postları yaradılıb. Respublika ərazisində strateji əhəmiyyətli obyektlərdə, o cümlədən xarici diplomatik nümayəndəliklərin yerləşdiyi ərazilərin, qonaqların qaldıqları məkanların mühafizəsi gücləndirilib.
Yerli azarkeşlərin stadiona daşınması üçün metronun “Qara Qarayev” və “28 May” stansiyalarının qarşısında yaradılan avtodayanacaqlarda polis əməkdaşları xidmətə cəlb edilib.
Oyun günü xarici azarkeşlərin stadiona təyin edilmiş yerlərdən daxil olmaları və onlar üçün ayrılmış sektorlarda yerləşdirilməsi üçün polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Vətəndaşlardan və şəhərimizin qonaqlarından UEFA Avropa Liqasının finalına qədər və oyun başa çatandan sonra fan-klublarda, habelə digər əyləncə məkanlarında, qarşılaşmanın keçiriləcəyi Bakı Olimpiya Stadionunun ərazisində hüquqazidd halların qarşının alınması üçün polisin qanuni əmr və göstərişlərinə əməl etmələri xahiş olunur.