Dneprdə soydaşlarımız üçün “Açıq qapı” günü keçirilir
Dnepr, 3 noyabr, AZƏRTAC
Azərbaycanın Ukraynadakı səfirliyi Dnepr şəhərində yaşayan diaspor nümayəndələri, soydaşlarımız üçün “Açıq qapı” günü keçirir.
AZƏRTAC xəbər verir ki, Dneprdə keçirilən görüşdə səfirliyin müşaviri Vüsal Süleymanov iştirak edir.
Görüşdə soydaşlarımızın müraciətləri ayrı-ayrılıqda dinlənilir, qaldırılan problemlər ətrafında müzakirələr aparılır. Səyyar görüşdə bəzi məsələlər yerindəcə həll olunur.
V.Süleymanov bildirib ki, Ukraynada yaşayan soydaşlarımızın üzləşdiyi problemlərin daha səmərəli həlli üçün səfirlik ölkənin müxtəlif şəhərlərində bu cür görüşləri davam etdirəcək. Artıq bundan öncə Xarkov və Odessa şəhərlərində diaspor üzvləri, soydaşlarımız və tələbələrlə görüş keçirilib. Bu cür görüşlərin intensiv keçirilməsinin məqsədi soydaşlarımızın problemlərini yerindəcə araşdırmaq və müvafiq qərarlar çıxarmaqdır.
Səfirliyin “Açıq qapı” günü noyabrın 4-də də olacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Dnepr