Doğuşayardım xidməti sahəsində bir sıra nöqsan və çatışmazlıqların olduğu müəyyən edilib
Bakı, 21 dekabr, AZƏRTAC
Cari ilin 11 ayı ərzində respublikada doğuşayardım xidmətinin vəziyyəti ilə bağlı dekabrın 21-də Səhiyyə Nazirliyində TƏBİB-in nümayəndələrinin iştirakı ilə müştərək kollegiya iclası keçirilib. Tədbirdə dövlət və özəl doğuşayardım tibb müəssisələrinin səlahiyyətli nümayəndələri iştirak ediblər.
AZƏRTAC nazirliyin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda səhiyyənin prioritet sahələrindən olan ana və uşaqların sağlamlığı sahəsində qəbul olunmuş dövlət proqramları çərçivəsində ölüm səviyyəsinin azaldılmasına, perinatal yardım islahatlarının davam etdirilməsinə, gənclərə göstərilən reproduktiv sağlamlıq və ailə planlaşdırılması xidmətlərinin yaxşılaşdırılmasına nail olunduğu bildirilib. Eyni zamanda, səhiyyə sistemində islahatların mühüm istiqamətlərindən biri olan ölkəmizdə icbari tibbi siğortanın tətbiq edilməsinə baxmayaraq, Səhiyyə Nazirliyinın mütəxəssisləri tərəfindən baş vermiş ana ölümlərinin təhlilləri nəticəsində doğuşayardım xidməti sahəsində bir sıra nöqsan və çatışmazlıqların olduğu müəyyən edilib.
İclasın yekununda mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün zəruri olan texniki tədbirlərin mərhələli şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanıb.