Donetskdə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunmuşdur
Bakı, 16 fevral (AZƏRTAC). Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF), Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) və Dünya Azərbaycanlıları Konqresinin (DAK) Ukrayna nümayəndəliyinin birgə təşəbbüsü ilə “Xocalı ayı” çərçivəsində Donetsk şəhərində keçirilən anma mərasimində bir sıra beynəlxalq təşkilatlara müraciət qəbul olunmuşdur.
UAGB-dən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Donetsk vilayətinin rəsmi nümayəndələri, Azərbaycan diasporunun fəalları, KİV təmsilçiləri, tələbələr iştirak etmişlər.
DAK-ın Ukrayna nümayəndəliyinin rəhbəri Möhlət Hüseynov son iki əsrdə ermənilərin işğalçılıq siyasəti və Azərbaycanda törətdikləri soyqırımı barədə ətraflı məlumat vermişdir. M.Hüseynov ermənilərin 20 il bundan əvvəl Azərbaycanın Xocalı şəhərində törətdikləri vəhşilikləri xalqımıza qarşı əsl soyqırımı, insanlığa yönələn bəşəri cinayət adlandırmışdır.
Ölkəmizin Ukraynadakı səfirliyinin əməkdaşı Sabir Rzayev tədbir iştirakçılarına 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə dünyanın bir çox ölkələrində “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir. O, bu tədbirlərin erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadığını bildirmişdir.
Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Xocalı harayı” filmi təqdim edilmişdir.
Donetsk vilayəti üzrə türk icmasının sədri Məhəmməd Xoca, həmvətənlərimiz Manaf İsgəndərov, Rövşən Əhmədov ermənilərin Xocalı şəhərində törətdikləri qanlı faciəni tək Azərbaycan xalqına deyil, ümumilikdə bütün türk dünyasına qarşı soyqırımı aktı kimi qiymətləndirmişlər.
UAGB-in katibi Ayaz Salmanov, birliyin Donetsk vilayət təşkilatının sədri Razim Əhmədov və başqaları Ukraynada “Xocalı ayı” çərçivəsində həyata keçirilən silsilə tədbirlər barədə ətraflı məlumat vermişlər.
Sonda mərasim iştirakçıları adından ermənilərin Xocalıda törətdikləri soyqırımına siyasi-hüquqi qiymətin verilməsi üçün Ukrayna Parlamentinə, ATƏT, BMT və digər beynəlxalq təşkilatlara müraciət qəbul olunmuşdur.