Doris Brodersen: Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən konsert möhtəşəm oldu
Berlin, 14 noyabr, AZƏRTAC
Vətən müharibəsində şanlı Zəfərin 5-ci ildönümü və Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirin iştirakçıları möhtəşəm konsertin onlarda xoş təəssürat oyatdığını bildiriblər.
AZƏRTAC xəbər verir ki, tədbirlə bağlı təəssüratlarını media nümayəndələri ilə bölüşən xanım Doris Brodersen müsahibəsində konsertin çox möhtəşəm keçdiyini ifadə edərək deyib: “Bu gün tədbirə olduqca heyran qaldıq. Mən buraya əvvəllər də gəlmişdim, amma bugünkü konsert möhtəşəm idi. Biz “Avrasiya - Mədəniyyət Körpüsü” adlı yeni bir mədəniyyət təşkilatı yaratmışıq. Bu təşkilatın əsas məqsədi Avropa və türk dövlətləri arasında əlaqələri gücləndirməkdir. Bugünkü tədbir bizim üçün həqiqətən unudulmaz oldu. Bu, çox gözəl bir başlanğıcdır. Musiqi həmişə xalqları birləşdirir”.
Onun həyat yoldaşı, fizik Manfred Hagen isə bildirib: “Bu, çox gözəl bir başlanğıcdır. Tarixi-mədəni əlaqələr regionlararası əməkdaşlıq üçün çox önəmlidir. Avrasiya ölkələri ilə tarixi əlaqələri canlandırmaq və inkişaf etdirmək gələcəyimiz üçün vacibdir. Mədəniyyət ilk əlaqə nöqtəsi kimi iqtisadi və sosial sahələrdə də təsir göstərə bilər. Bu baxımdan bugünkü tədbir çox önəmlidir”.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin